Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, akademik Əhliman Əmiraslanov Kürdəmir rayonunda seçicilərlə növbəti görüş keçirib.
"Unikal" xəbər verir ki, görüş zamanı Əhliman Əmiraslanov ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danişaraq, əsası xalqımızın Ümumilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun Azərbaycana çox böyük uğurlar qazandırdığını diqqətə çatdırıb.
O, bu uğurların davamlı olması istiqamətində atılan addımlardan söz açaraq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması üçün görülən tədbirlərin davamlı olacağına əmin olduğunu bildirib. Sonra Əhliman Əmiraslanov seçicilərin müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Səsləndirilən müraciətlər əsasən səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı müraciətlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.
Görüşdə iştirak edən seçicilər də həmişə seçicilərinin dərdinə şərik olduğuna, dəfələrlə ağır xəstəliyi olanlara cərrahi əməliyyatını təşkil etdiyinə, onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Əhliman Əmiraslanova təşəkkürlərini bildirdilər. Akademik Əhliman Əmiraslanovun Kürdəmir rayonunda seçiciləri ilə görüşündə YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli iştirak etmişdir.