Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.
Bu barədə "Unikal"-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, imtahanda 1153 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur. imtahan Bakı şəhərində 5 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tələb olunur.
İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunacaq:
- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 104 nəzarətçi-müəllim ayrılıb, 11 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.