"Müharibə əlilləri dünyalarını dəyişəndən sonra onların xanımları ağır həyat yaşamalı olur. Qanun onların müavinətlərinin, pensiyasının həyat yoldaşına verilməsini təmin etmir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
O bildirib ki, bu, azyaşlı övladı olan ailələrə şamil edilir:
"Biz çox gözəl bilirik ki, ölkəmizdə qadın-kişi bərabərliyi var, amma bu iş tapmaq, işləmək və bərabər əmək haqqı almaq məsələlərində heç də yazıldığı kimi deyil. Qadınlara iş tapmaq, dolanmaq daha çətindir. Mən bir neçə ailəni qəbul etmişəm, ya övladı yoxdur, ya uşaqları ayrılıb, öz ailəsi var. Qadın isə həyat yoldaşı vəfat edəndən sonra köməksiz qalır. Sizə deyim ki, belə ailələr kütləvi deyil, amma problemləri çox ağırdır və onların göz yaşları məni çox mütəəssir edib. Təklif edirəm ki, müvafiq qanunlara düzəliş edək və bu qəbildən olan ailələrdə evin dolanışıq mənbəyi olan kişi rəhmətə gedən zaman onun pensiyasını xanımı alsın".
Anar Kəlbiyev