İyunun 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Zövlə kəndində keçirib.
"Unikal" xəbər verir ki, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşlərin dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların qayğı və problemlərinin dinlənilməsi və onların həllilə bağlı müvafiq addımların atılması məqsədilə keçirildiyini bildirib. Öncəliklə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarını dinləyən T.Qaraşov qaldırılan məsələlərin həllilə bağlı yerindəcə göstəriş və tapşırıqlarını verib. İcra başçısı qeyd edib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğısı var, onlar tərəfindən qaldırılan istənilən məsələyə həssas yanaşılır.
T.Qaraşovun tapşırığına əsasən yerli insanlar tərəfindən səsləndirilən bütün məsələlərin həlli istiqamətində qanunamüvafiq addımların atılması və vətəndaşa nəticəsi barədə məlumat verilməsi aidiyyəti şöbə və qurumlar tərəfindən nəzarətə götürülüb. Kənd sakinləri İcra başçısı ilə birgə İcra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələrinin iştirakının qaldırılan məsələlərin yerində və operativ həllinə zəmin yaratdığını vurğulayıblar. Yerli insanlar fikir və istəklərini sərbəst söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnuniyyətlərini ifadə ediblər. Dövlətə bağlılğı ilə hər zaman ön sıralarda olan Zövlə kəndinin sakinləri onlar üçün yaradılan şəraitə, kənd yollarının yeni asfaltla döşənməsinə, qaz xətlərinin çəkilişinə və yeni məktəb binasının tikintisinə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.