Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Dünyamalılar kəndi ərazisindəki mağazalardan nağd pul və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Sahib Şükürov saxlanılıb.
Araşdırma zamanı S.Şükürovun may və iyun aylarında kənd ərazisindəki mağazalara qeyri-qanuni yollarla daxil olaraq 10 min manatdan artıq nağd pul və digər əşyalar oğurladığı müəyyən edilib. O, bu əməlləri törədərkən təhlükəsizlik kameralarına yaxalanmamaq üçün üzünü maska vasitəsi ilə gizlədib. Lakin o, polis əməkdaşlarının keçrdiyi tədbirlərlə çox çəkmədən müəyyən olunaraq istintaqa təhvil verilib.
Faktla bağlı S.Şükürov barəsində Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.