Dövlət Gömrük Komitəsinin Akademiyasında Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti sədrinin müavini Almaz Saliyev və hər iki tərəfin nümayəndə heyəti iştirak ediblər.
Görüşdə Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Akademiyanın rəisi qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin iki ölkə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən bəhs edərək təhsil sahəsində əməkdaşlığın da vacibliyini qeyd edib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti sədrinin müavini Almaz Saliyev səmimi qonaqpərvərliyə görə Akademiya rəhbərliyinə öz təşəkkürünü bildirib. O, gömrük orqanlarının peşəkar kadrlarla təmin edilməsi istiqamətində Akademiyanın səmərəli fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqində maraqlı olduqlarını qeyd edib.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev son illər ərzində Akademiyanın tədris prosesində innovativ və səmərəli texnologiyaların tətbiqi sayəsində həyata keçirilən islahatlar haqqında geniş bəhs edib. O, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın gələcək perspektivlərindən söz açaraq, təşkil edilən görüşün ikitərəfli təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında geniş təqdimatla çıxış edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qarşılıqlı simvolik hədiyyələr təqdim olunub.
Daha sonra qonaqlar Akademiyada təhsilalanlar və ixtisasartırma kurslarında iştirak edən gömrük xidməti əməkdaşları üçün yaradılan şəraitlə, həmçinin yeni qurulan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalar ilə yaxından tanış olublar.