Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao ilə görüşüb.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor, son illərdə Çin və Azərbaycan arasında elmi-mədəni əlaqələrin inkişafından danışıb. Rektor qeyd edib ki, ADU nəzdindəki Konfutsi İnstitutu uğurla fəaliyyət göstərir, müxtəlif istiqamətlərdə vacib tədbirlər təşkil olunur.
Azərbaycan Dillər Universitetinin tələbələrinin Çinə, onun dilinə, tarixinə və mədəniyyətinə böyük marağının olduğunu deyən universitet rəhbəri diplomatı “Səfir saatı” layihəsində tələbələrlə görüşə dəvət edib.
ADU-da 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən akademik Kamal Abdulla, təhsil ocağında qədim dillərdən olan sanskrit dilinin tədris olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, yaxın vaxtlarda qədim Çin dilinin tədrisi də planlaşdırılır.
Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao qəbula, daimi dəstək və əməkdaşlığa görə təşəkkürünü bildirib. O deyib ki, ölkələrimizin universitetləri, beyin mərkəzləri, mediası, ədəbi və incəsənət qrupları arasında sıx mübadilələr aparılır.
Diplomat əlavə edib ki, Azərbaycan Dillər Universiteti ilə sıx və səmərəli əməkdaşlıq mövcuddur, səfirlik bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsində, birgə tədbirlərin keçirilməsində maraqlıdır: “Azərbaycan Dillər Universitetinin tələbələrinin Çin dilinə, ölkəmizin mədəniyyətinə və tarixinə olan marağı bizi çox sevindirir. Universitet nüfuzlu təhsil ocağı kimi Çin dilinin, mədəniyyətinin, tarixinin təbliğində böyük rol oynayır. Birgə elmi tədqiqatlar, konfranslar çox vacibdir. Bütün bu işlər bundan sonra da fəal şəkildə davam edəcək”.
Görüş qarşılıqı konfransların, elmi tədqiqatların təşkil olunması ilə bağlı müzakirələrlə davam edib.