İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Asan İmza sahiblərinə xəbərdarlıq edib.
Qurumdan "Unikal"a verilən məlumata görə, Asan İmza (Mobil imza) bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün mobil identifikasiyadır və bu, bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir.
Qeyd olunub ki, “Elektron imza və elektron sənəd haqqında” Qanununun 2-ci madddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.
Odur ki, vətəndaşların adından onlardan xəbərsiz əməliyyatların aparılmaması, o cümlədən su-istifadə hallarının yol verilməməsi məqsədilə Asan imza Sim kartının və ona məxsus məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir.