İyunun 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonumuzda qonaq olan "Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidentləri Xəyyam Nəsibov, Camaləddin İsmayılov, AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik təhqiqat şöbəsinin müdiri Namiq Hüseynovla birlikdə Qazax Müalicə Diaqnostika Mərkəzində olub, burada çalışan tibb işçilərini 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, Mərkəzdə çalışan bir qrup tibb işçisi 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiklərinə, o cümlədən COVID-19 infeksiyasına qarşı vaksinləşmə prosesində fəal iştirak etdiklərinə görə Fəxri Fərmanla təltif ediliblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək rayonda çalışan bütün səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Əhalinin sağlamlığının keşiyində dayanan tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.
"Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi şəxsin direktoru Kamandar İbrahimov çıxış edərək peşə bayramlarının bu cür yüksək səviyyədə qeyd olunmasına və tibb işçilərinə göstərdiyi qayğıya görə rayon rəhbərliyinə Qazaxda çalışan bütün tibb işçiləri və rəhbərlik etdiyi kollektiv adından öz dərin minnətdarlığını bildirib.
"Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi şəxsdə Dializ şöbəsinin müdiri İlqar Qasımov çıxış edərək öz növbəsində tədbir iştirakçılarını salamlayıb, həmkarlarını əlamətdar gün münasibətilə təbrik edib. Fəaliyyətə başladığı ilk gündən səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara ayırdığı diqqətə, göstərdiyi qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq edib. Bugünkü görüşü və təbriki həmin qayğının bariz nümunəsi kimi dəyərləndirib.
"Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov çıxış edərək əlamətdar gün münasibətilə səhiyyə işçilərinə təbriklərini çatdırıb, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb.
Sonra "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi şəxsin direktoru İbrahimov Kamandar Həsən oğluna, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin Xəstə xidmətləri şöbəsinin müdiri Məmmədov Hacıalı Ramiz oğluna, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin həkim qastroenteroloqu Məmmədov Razim Ukrayna oğluna, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin Dializ şöbəsinin müdiri Qasımov İlqar Hətəm oğluna, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin Cərrahiyə şöbəsinin böyük tibb bacısı Budaqova Səbinə Şahmar qızına, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin Cərrahiyə şöbəsinin tibb bacısı Şəmmədova Maya Əli qızına 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiklərinə, o cümlədən COVID-19 infeksiyasına qarşı vaksinləşməprosesində fəal iştirak etdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.