Qarabağda 2764 şagird yerlik 4 məktəb inşa edilir.
"Unikal" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.
“Müharibənin başa çatmasından dərhal sonra işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə proseslərinə başlanılıb. Otuz il ərzində bu ərazilərdə yerləşdirilən minalar yenidənqurma işləri üçün çətinlik yaradır. Belə ki, 2020-ci ilin noyabrında üçtərəfli Bəyannamənin imzalanmasından sonra 224 nəfər şəxs mina hadisələri nəticəsində həlak olub və ya xəsarət alıb", - deyə Prezidentin xüsusi nümayəndəsi bildirib.
O qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazilərindəki tarixi abidələr dağıdılıb, ekosistem zədələnib. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması hazırda ölkəmizin gündəmində yer alan prioritet vəzifələrdən biridir.