Tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar veriblər.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN-nin Türkiyə və Ermənistan arasında Normallaşma Prosesi üzrə xüsusi nümayəndələrin səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada keçirilən dördüncü görüşünə dair bəyanatında deyilir.

Qeyd olunub ki, onlar həmçinin Türkiyə ilə Ermənistan arasında birbaşa hava ilə yük ticarətinin mümkün qədər tez başlaması barədə razılığa gəliblər və bu məqsədlə lazımi prosesin başlanmasına qərar veriblər.

Bundan əlavə, tərəflər, həmçinin yekun məqsəd olan iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha vurğulayıblar.

***19:29

Vyanada Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan öz tviter hesabında paylaşıb.

***13:39

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı müzakirələr davam edir. Xüsusi nümayəndələr bu gün Avstriyanın paytaxtı Vyanada 4-cü iclas üçün bir araya gələcəklər.

"Unikal" xəbər verir  ki, 4-cü görüşdə Türkiyə adından səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iştirak edəcək.

Qeyd edək ki, iki ölkə arasında normallaşma danışıqlarının birincisi yanvarın 14-də Moskvada baş tutub.

Bu görüşdə Türkiyə ilə Ermənistan arasında 2020-ci ildə başa çatan uçuşların yenidən başlaması qərara alınıb və fevral ayından qarşılıqlı uçuşlara başlanılıb.

Xüsusi nümayəndələr ikinci iclasını fevralın 24-də, üçüncü iclasını isə mayın 3-də Vyanada keçiriblər.

Normallaşma prosesində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.

Gülayə Mecid