2 iyul - “Azərbaycan Polisi Günü” münasibətilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə Xəzər dənizinin sahil akvatoriyasında və daxili su hövzələrində təmizlik aksiyalarını, nəzarət və maarifləndirmə tədbirlərini davam etdirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Unikal"a bildirilib ki, kompleks tədbirlər, həmçinin iyunun 29-da Aşqabad şəhərində keçirilmiş VI Xəzər Sammitində müzakirə olunan dəniz bioresurslarının qorunub saxlanması, səmərəli istifadəsi sahəsində Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinin formalaşdırılması işinə töhfə vermək məqsədi daşıyıb.
Aksiyalar çərçivəsində Xəzər dənizi akvatoriyasının sahilboyu ərazilərindən, Kür, Araz, Alazan çaylarından, Sarısu gölündən, Mingəçevir, Şəmkir, Aşıqbayramlı, Nohurgöl su anbarlarından və digər daxili su hövzələrinin mühafizə zolağından 360 kiloqramdan çox bərk məişət tullantısı (əsasən plastik qablar) və 4200 metr uzunluğunda sintetik tor yığışdırılaraq tullantı poliqonlarına daşınıb.
Balıqların kürütökmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilmiş moratoriumun qüvvədə olduğu nəzərə alınaraq sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər arasında maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri barədə izahat işləri həyata keçirilib.