Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir.
"Unikal" xəbər verir ki, konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlov, təşkilata üzv olan ölkələrdən ekspert və analitiklər iştirak edirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev açılışda bildirib ki, türk ölkələri arasında əməkdaşlığın gücləndirilməsi gündəmdədir:
"Son vaxtlar türk dünyasında mühüm hadisələr baş verib: Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, Azərbaycan-Qazaxıstan-Türkiyə platformasının yaradılması və s".
Qismət Gözəlov öz növbəsində belə bir görüşün Şuşada keçirilməsinin xüsusilə xoş olduğunu vurğulayıb.
“Müharibə və münaqişələrlə dolu 21-ci əsrdə TDT sülh və təhlükəsizliyə çağırış missiyasını yerinə yetirməyə çalışır. Azərbaycan ordusunun Qarabağ müharibəsində qələbəsi və türk ölkələrinin dəstəyi təşkilatın gücünü göstərir. Onu da qeyd etmək yerinə düşər ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri yeni səviyyəyə çıxarmaqla yanaşı, iki türk dövlətinin qardaşlığının və iradəsinin simvoluna çevrilib", - baş katibin müavini qeyd edib.