Müasir qloballaşma dövründə iqtisadiyyat və sənayenin inkişaf səviyyəsi əmək bazarında sərhədləri yığışdırıb. İqtisadiyyat və sənaye, istər dövlət, istərsə də özəl olsun, fəaliyyət göstərdiyi bazarda özünə kadr tapmayacaqsa, onu digər ölkədən cəlb edəcək. Ən yaxşı halda bu kadr, xarici ölkədə təhsil almış həmvətənin, bədə-bəd variantda əcnəbi olacaq. Əcnəbiyə Azərbaycanda oturum, işləmək üçün icazə və s. kimi problemləri həll etmək tələb olunsa belə şirkətlər ölkə ərazisində tələb olunan kvalifikasiyalı kadrı tapmayanda məcburən buna gedirlər, çünki son nəticədə bundan qazanclı çıxacaqlar.
Azərbaycan dövləti bu adi həqiqəti artıq xeyli müddətdir ki, dərk edib və yüksəkixtisaslı kadr hazırlığını, insan kapitalının formalaşdırılmasını özünün prioritet vəzifələrindən biri kimi müəyyənləşdirib. İlk əvvəl bu proses azərbaycanlı gənclərin dünyanın aparıcı ali məktəblərində təhsil almaları üçün şəraitin yaradılmasında özünü göstərirdisə, indi artıq prosesin kütləviliyini təmin etmək üçün ölkənin ali təhsil sektorunda ciddi islahatlar aparılır. Ali təhsil sahəsində ciddi islahatlar təqribən 10 il əvvəl başlandı və mübaliğəyə yol vermədən deyə bilərik ki, bu müddət ərzində ölkədə ali təhsilin keyfiyyəti, biliklərin qiymətləndirilməsinin obyektivliyi ilə bağlı müsbət mənada az qala inqilabi dəyişikliklər baş verib. Təbii ki, ali məktəblərdə bu dəyişikliklər hamısında bərabər qaydada baş verməyib, hansısa daha az, hansısa daha çox uğur əldə edib. Azərbaycan dövləti, onun təhsil sahəsində siyasətini həyata keçirən Təhsil Nazirliyi keyfiyyətli təhsil üçün bu günə mümkün maksimal şəraiti yaradıb, bu və ya digər ali məktəbin yaradılmış imkanlardan necə istifadə etməsi, az və ya daha çox uğur qazanması isə subyektiv məsələ olub, konkret ali təhsil müəssisəsinin bu işi hansı səviyyədə qurması ilə şərtlənir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ölkənin ali təhsil sektorunda ən uğurlu nümunələrdən biri sayıla bilər. Təhsilin keyfiyyəti artıb, tələbələrin biliklərinin qiymətləndirilməsi prosesi şəffafdır, maddi-texniki baza yenilənib, elmi fəaliyyət üçün imkanlar genişlənib, universitet beynəlxalq layihələrdə iştirak edir, tələbələrin gerçək təcrübə keçməsi təmin edilib, məzunların işə düzəlməsi istiqamətində ciddi addımlar atılır. ADNSU-nun əməkdaşı olaraq deyil, kənar müşahidəçi qismində belə yuxarıda sadaladıqlarımızı görməmək mümkün deyil.
ADNSU Azərbaycanda neft-qaz sahəsində ən qədim təhsil ocağı olub postsovet məkanında və hətta bəzi parametrlərə görə daha geniş miqyasda, bu sahə üçün mühəndis kadrlar hazırlayan universitetdir. 100 ildən artıq yaşı olan ali məktəbin indiyədək yüz mindən artıq məzunu dünyanın bir sıra ölkələrində yüksəkixtisaslı mühəndislərdir. Azərbaycanın neft-qaz, kimya və energetika sənayesində çalışan mühəndislərin böyük bir qismi ADNSU-nun məzunlarıdır. Əvvəldə qeyd etdiyimiz kimi, müasir dövrdə əmək bazarında rəqabət olduqca yüksəkdir və ADNSU-nun məzunları iş yeri uğrunda tək ölkənin digər ali məktəblərinin məzunları ilə rəqabət aparmırlar. Buna görə də, ADNSU təhsil, laboratoriya məşğələləri ilə yanaşı tələbələrin təcrübə keçmələrinə, işəgötürənlərlə sıx əlaqələrin yaradılmasına xüsusi önəm verir. ADNSU hazırda 280-dən artıq şirkətlə əməkdaşlıq edir. Bu əməkdaşlıq universitetə şirkətlərin tələblərinə uyğun kadr yetişdirməkdə yardım göstərir.
2015-2016-cı illərdə ADNSU şirtkətlərlə əməkdaşlığa başladıqda bu prosesə bəziləri formal xarakter daşıyan proses kimi baxır, bəziləri bunun əhəmiyyətini dərk etmirdilər, bəzi hallarda ADNSU-nun işəgötürənlərlə əlaqə yaratmaq istəyi birtərəfli olurdu. Halbuki, ortada danılmaz bir reallıq var – universitet kadrı dövlətin vəsaiti və ya tələbənin özünün vəsaiti hesabına yetişdirir, sonra onun mütəxəssis kimi yetişməsinə bir qəpik pul xərcləməyən hər hansı şirkət onu işə qəbul edib mənfəət əldə edir. Bəzi hallarda şirkət işə götürdüyü gənci öz tələblərinə uyğun yetişdirilməsinə vəsait xərcləyir, vaxt itirir və məsrəf edir. ADNSU bu gerçəkliyi şirkətlərə çatdıra bilib – yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə şirkətləri də cəlb etməyi bacarıb.
Lakin elə şirkətlər vardır ki, onlar ADNSU-nun bu bir neçə illər ərzində müəssisələrə təlqin etmək istədiyi həqiqətləri özləri bilir və ADNSU ilə əməkdaşlığa doğru özləri addım atırlar. Belə şirkətlərdən biri, bəlkə də ADNSU-nun ən böyük tərəfdaşlarından biri olan bp şirkətidir. bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 100 milyon dollar vəsait xərcləyib. Azərbaycanda bp şirkətində təxminən 2270 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.
2015-ci ildən etibarən ADNSU ilə bp şirkəti arasında əməkdaşlıq yenidən vüsət alıb. 2019-cu ildə ADNSU ilə bp arasında dəyəri 193 000 manat olan böyük bir layihənin icrasına başlanıb və uğurla başa çatb. Layihə çərçivəsində təxminən 90 müəllim və 200 tələbənin bilik və səriştələri əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Layihənin möhtəşəm nəticələrindən biri budur ki, universitet indi artıq ixtisaslaşmış təlimçilər qrupuna malikdir – bu potensial sayəsində universitet kənardan yardım almağa ehtiyac olmadan öz müəllim heyəti və tələbələri üçün ingilis dili biliklərinin təkmilləşdirilməsini müstəqil şəkildə həyata keçirə bilir.
Aprelin 26-da bp şirkətinin dəstəyi ilə yeni avadanlıqlarla təchiz olunan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Mətbəəsinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib. Rəmzi lent kəsildikdən sonra rektor, professor M.Babanlı və bp-nin vitse-prezidenti B.Aslanbəyli mətbəədə yaradılan şəraitlə tanış olub, müasir nəşriyyat və poliqrafiya avadanlıqlarının iş prinsipi və fəaliyyəti haqqında məlumat əldə ediblər. Mətbəənin direktoru Araz Məmmədəlizadə 14 adda yeni poliqrafiya avadanlığının alındığını və bunun sayəsində yüksək səviyyədə nəşriyyat xidmətlərinin göstəriləcəyini deyib. bp ilə uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışan ADNSU-nun rektoru, professor M.Babanlı bu əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açaraq, bp-nin dəstəyi ilə müasir texniki avadanlıqlarla təchiz olunan mətbəənin universitet üçün əhəmiyyətini qeyd edib. bp-nin Xəzər regionunda, kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli yenidən qurulan mətbəənin universitetin çap və nəşr ehtiyaclarını və tələblərini tam təmin edəcəyinə, həmçinin professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat fəaliyyətini gücləndirəcəyinə ümidvar olduğunu deyib.
İyunun 2-də bp şirkəti və ADNSU arasında bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması üçün saziş imzalayıb. Bu saziş bərpa olunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanması məqsədilə bp-nin iki milyon dollarlıq sosial sərmayə layihəsinin ADNSU-da həyata keçəcəyini nəzərdə tutur. Sənəd bundan öncə bp ilə Təhsil Nazirliyi arasında yerli universitetlərin birində bir Böyük Britaniya universiteti ilə tərəfdaşlıqda bərpa olunan enerji mənbələri ixtisasları üzrə ail təhsil proqramının yaradılması üçün əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsaslanır. Bu, ölkə üçün tamamilə yeni bir təhsil proqramı olacaq və universitetə Azərbaycanın enerji keçidi səylərinə dəstək olacaq və ölkənin yeni enerji erasını irəli aparacaq peşəkar mütəxəssislər hazırlamağa imkan yaradacaq.
Beləliklə, 3 il ərzində bərpa olunan enerji üzrə 120 mütəxəssisin bazara daxil olması planlaşdırılır. Yerli tələbələr evini tərk etmədən, əlavə xərc çəkmədən Böyük Britaniya universiteti və ADNSU-nun diplomunu alacaqlar. Ola bilsin ki, yerli mütəxəssislər bir neçə semestr Böyük Britaniya universitetində də təhsil alsınlar. Layihənin digər əhəmiyyəti ondan ibarətdir ki, yerli universitetin bərpa olunan enerji sahəsində tədris imkanları genişləcək. Üç il ərzində həm lazımi laboratoriya qurulacaq, həmdə Böyük Britaniyadan gələn müəllimlərlə yanaşı, ADNSU-nun müəllimləri də inkişaf edəcək və sonda universitet özü müstəqil və eyni keyfiyyətlə eyni proqramı davam etdirəcək.
Göründüyü kimi, Beynəlxalq Neft Şirkətindən İnteqrasiyalı Enerji Şirkətinə transformasiya yolunu tutan, “xalis sıfır” hədəfinə doğru onillik strategiyanı müəyyənləşdirən bp ardıcıl surətdə qarşısına qoyduğu hədəfləri gerçəkləşdirir. Azərbaycan Respublikası da 2030-cu ilədək hasil etdiyi enerjinin 30%-ni alternativ enerji mənbələrindən əldə etməyi planlaşdırır.
ADNSU-nun bp ilə əməkdaşlığı iki qocaman, zəngin təcrübəyə malik və hərə öz sahəsinin – ali təhsil və enerji sektorlarının nəhəngi arasında olan tərəfdaşlıqdır. Əgər bu iki qocaman, təcrübəli tərəfdaş kadr yetişdirilməsi məsələsində sıx əməkdaşlıq edirlərsə, bu digərlərinə də bir siqnal olmalıdır. Ölkədə şirkətlərin sayı 100 mindən artıq, ali məktəblərin sayı 50, ADNSU kimi ali məktəblərin sayı bir neçədir və gerçəklik bundan ibarətdir ki, şirkətlərin uğurlu olmaları universitetlərlə əməkdaşlıq səviyyəsindən xeyli dərəcədə asılıdır.
Elnur Hadıyev,
“Oil and İndustry” jurnalının məsul katibi