İsmayıllıda 7 il əvvəl ölmüş şəxsin adına cərimə protokolu göndərilib.
"Unikal"ın "Xəzər Xəbər"ə istinadən verdiyi məlumata görə, vəfat etmiş şəxsin adına gələn elektron qərarda göstərilir ki, Canaliyev Əsgər Biniyət oğlu bu il iyunun 19-da Abşeron-Aşağı Güzdək yolunun 35-ci kilometrliyində avtomobillə radara düşüb və o, 50 manat məbləğində cərimələnib.
Mərhum Əsgər Canaliyevin oğlu Xəqani Canalıyev bildirib ki, bu hadisə onu çox narahat edib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirib ki, həmin tarixdə Türkiyəyə məxsus yük avtomobili qayda pozuntusu törədib. İdarənin mərkəzi informasiya sistemində Türkiyəyə məxsus avtomobillərin qeydiyyatı mövcud olmadığından həmin elektron protokol eyni nömrədə olan nəqliyyat vasitəsinin sürücüsünün adına qeydiyyata alınıb. Sonradan bu texniki səhv aradan aldırılıb.