ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin sabiq vitse-meri, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri xanım Nensi Selfric və onu müşayət edən qonaqlar Lənkərana səfərləri çərçivəsində bir sıra görüşlər keçiriblər.
"Unikal" xəbər verir ki, səfər zamanı xanım Selfric Lənkəran Dövlət Universitetində “Monterey ESL Summer School”un (Monterey İngilisdilli Yay Məktəbi) açılışında iştirak edib, universitetdə keçirilən “Məzun günü”nə qatılıb, Yay məktəbində məşğələlərin gedişini izləyib.
Qonaqların şərəfinə 4 iyulda ABŞ-ın Müstəqqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib. Daha sonra qonaqlar Yaşıl Çay Fermer Təsərrüfatına Lənkəran və Monterey şəhərlərinin qardaşlaşması şərəfinə xüsusi olaraq hazırlanan “Monterey” çayının dərilməsi və hazırlanması prosesi ilə tanış olub, ilk məhsulun dadına baxıb. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev iştirak edib. İcra başçısının birinci müavini qardaşlaşmış Lənkəran və Monretey şəhərləri arasındakı qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Xanım Nensi Selfric də Azərbaycana böyük rəğbət bəslədiyini və Lənkəranın onun üçün xüsusi yerinin olduğunu qeyd edib. ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva da çıxışında bildirib ki, Azərbaycanla Amerika arasında ictimai diplomatiyanın uğurlu nümunəsi kimi Lənkəran-Monterey qardaşlaşmış şəhərlərin qarşılıqlı münasibətlərini göstərmək olar.
Tədbirin sonunda qonağa Lənkəran ŞİH tərəfindən Bayram münasibəti ilə hazırlanmış xatirə hədiyyəsi təqdim edildi.