İyulun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun Günü” keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri – Musa Qasımlı, Aydın Mirzəzadə, Hikmət Babaoğlu, YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Şahmar Hüseynov, BP-nin vitse prezidenti Bəxtiyar Aslanbəyli, AzEİ systems MMC-nin prezidenti İqor Yakovenko, “Prosol” QSC-nin həmtəsisçisi və sədri Babək Ağayev, “Azİİ məzunları” İctimai Birliyinin sədri Hacı Nuran Hüseynov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı universiteti uğurla bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor universitet olaraq tələbə və məzunlarına hər zaman dəstək olmağa hazır olduqlarını deyib və həmçinin tələbələrə də bu təhsil ocağını bütün zamanlarda doğma ali təhsil müəssisəsi kimi sevməyi, ADNSU-nun adına layiq mütəxəssis kimi dövlətinə, xalqına xidmət etməyi tövsiyə edib.
Məzunları təbrik edən Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov onlara gələcək həyatında uğurlar arzulayıb. Azİİ-nin bütün dövrlərdə keyfiyyətli təhsili, həmiçinin yetişdirdiyi ixtisaslı mütəxəsislərlə tanındığını xatırladan A.Əsgərov bu gün ADNSU-nun bu ənənəni uğurla davam etdirdiyini deyib. Başçı çıxışında ölkəmizdə gənclərə, onların savadlı və sağlam formalaşmasına hər zaman diqqət yetirildiyini vurğulayıb və əlavə edib ki, belə sağlam, vətənpərvər gənclərin sayəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid oğulları 44 gün ərzində 30 ilə yaxındır düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi.
Millət vəkili, ADNSU-nun İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadə ADNSU tələbələrinə, onların bilik və bacarıqlarına yaxşı bələd olduğunu deyib. O, məzunları, universitetin bütün kollektivini təbrik edərək gənclərə uğurlar arzu edib və onlara göstərilən etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib.
Daha sonra universiteti əla qiymətlərlə bitirən tələbələrə fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib. Ən yaxşı məzunların adı simvolik kötüyə həkk olunub.
Tədbir universitetin “Gənclik” mahnı və rəqs ansamblının çıxışı və tanınmış müğənnilərin ifaları ilə davam etdirilib.