ABŞ-da istehsal olunan və demək olar ki, bütün dünyada yayımlanan məşhur “Law & Order” serialının çəkiliş meydançasında dəhşətli faciə baş verib.

"Unikal" xəbər verir ki, serialın əməkdaşlarından biri vəzifəsini yerinə yetirərkən güllələnərək öldürülüb.

31 yaşında olduğu bildirilən çəkiliş işçisinin adının Conni Pizarro olduğu açıqlanıb.

Conni Pizarronun serial çəkilişlərindəki işi çəkilişlər başlamazdan əvvəl dayanacaq yerlərini saxlamaq üçün traffic konusları qoymaq idi.

Ona atəş açılan zaman səkidə dayanmış avtomobildə otururmuş.Səhər saat 5:15 radələrində qara kapüşonlu bir şəxs avtomobilə yaxınlaşaraq sürücünün yan qapısını açıb və Conni Pizarronun baş və boyun nahiyəsinə bir neçə dəfə atəş açıb.

Queens sakini Pizarro xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Polis şübhəli şəxs və qətlin səbəbi barədə məlumat verməkdən imtina edərək, istintaqın davam etdiyini açıqlayıb. Hadisə şahidləri bildiriblər ki, hadisə baş verən yer serialın çəkilişləri üçün tez-tez istifadə olunub, lakin hadisə zamanı bu yer kifayət qədər boş olub.

Gültəkin Ələsgər