Türkiyənin Bodrum şəhərində tətildə olan azərbaycanlı model Diana Əhədpurla CHP-dən olan eks-deputat Aydın Ayaydın arasında qalmaqal yaşanıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə “Mandarin Oriental” hoteldə baş verib.
Bildirilir ki, Əhədpurun 6 yaşlı oğlunun dənizə girib su sıçratması Ayaydın xoşuna gəlməyib və o, uşağın üstünə qışqırıb. Bundan sonra azyaşlı başına gələni anasına danışıb.
Əhədpur da “Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?”, - deyə eks-deputata etirazını bildirib.
Bunu eşidən Ayaydın modelə hücum çəkib və onu təhqir etməyə başlayıb. Hadisə anı anbaan kameralara əks olunub.
Ayaydın insidentin videoya çəkildiyini və sosial şəbəkələrdə yayıldığını öyrəndikdən sonra Əhədpur və onun ailəsindən üzr istəyib.
Diana Əhədpur iranəsilli biznesmen Manuçehr Əhədpurun həyat yoldaşıdır və onlar Dubayda yaşayırlar.