Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İraqdakı hadisələrin dərhal sakitləşdirilməsinə və tərəflər arasında dialoqa çağırıb.
"Unikal" xəbər verir ki, Birləşmiş Ştatlar İraqdakı hadisələri sakitləşdirməyə çağırıb .
Kirbi Zoom vasitəsilə Ağ Ev jurnalistlərinə verdiyi brifinqdə ABŞ-ın xarici siyasəti ilə bağlı açıqlamalar verib.
İraqın paytaxtı Bağdadda baş verən qarşıdurmaları "narahatedici" olaraq xarakterizə edən Kirbi, "İndi gərginlik deyil, dialoq zamanıdır. Biz bu zorakılıqların sakitləşdirilməsinə və dinc nümayişçilərə hörmət edilməsinə çağırırıq" deyə bildirib.
Kirbi ABŞ-ın Bağdaddakı səfirliyinin boşaldılması ilə bağlı iddiaları da təkzib edib və indiki mərhələdə belə bir şeyə ehtiyac olmadığını qeyd edib.
Qeyd edək ki, İraqın paytaxtı Bağdadda Müqtəda əs-Sədr tərəfdarları ilə İran tərəfdarı Şiə Koordinasiya Çərçivəsi tərəfdarları arasında daş və dəyənəklərlə qarşıdurma baş verib. Hökumət binalarının yerləşdiyi Yaşıl Zonada oturaq aksiya keçirən tərəfdar qrupları ilə Koordinasiya Çərçivəsi tərəfdarları arasında əvvəlcə şifahi, daha sonra daş və dəyənəklə qarşıdurma yaşanıb. Həşdi Şabi Təhlükəsizlik Birliyinə bağlı şəxslər də Yaşıl Bölgədə Sədr tərəfdarlarına silahla müdaxilə etməyə başlayıb.
Yaşıl Zonanın mərkəzində yerləşən ABŞ səfirliyinin əməkdaşlarının təxliyyəsinə başlanıldığı iddia edilsə də, ABŞ Dövlət Departamentinin rəsmisi verdiyi açıqlamada bu xəbərləri təkzib edib.