Daxili İşlər Nazirliyinin “102”Xidməti - Zəng Mərkəzinə Ağdaş şəhəri ərazisində yerləşən fərdi yaşayış evlərinin birində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, həmin əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Rayon Polis Şöbəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğın söndürülərək ətrafdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbləri ilə bağlı aparılan araşdırmalar zamanı yanğının naməlum şəxs və yaxud şəxslər tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən zərərçəkmişin qonşusu Tural Məmmədov saxlanılıb.O, ifadəsində əməlini etiraf edib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.