Qambiyada polis 66 uşağın ölüm səbəbinin öskürəyə qarşı dərmanlardan istifadə ilə bağlı olmasını araşdırır.
"Unikal" xəbər verir ki, Qambiya prezidenti Adam Barrou bu dərmanları satan apteklərin və idxalçı şirkətin lisenziyalarının dayandırılması barədə əmr verib.
Polis məsələ ilə əlaqədar Narkotiklərlə Mübarizə İdarəsinin yüksək rütbəli məmurlarını dindirir.
Sözügedən dərman vasitələri parasetamol əsaslı öskürək preparatları “Kofexmalin”, “Makoff” və “Magrip N” soyuq siropu, həmçinin oral prometazin məhluludur.
Qeyd edək ki, oktyabrın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu dərmanların böyrək çatışmazlığına səbəb ola biləcək dərmanlar kimi istifadəsinin təhlükəsi ilə bağlı xəbərdarlıq edib. ÜST qeyd edib ki, bu dərmanlar Hindistan şirkəti “Maiden Pharmaceuticals Ltd” tərəfindən istehsal olunur. Onlarda “qəbuledilməz miqdarda dietilen qlikol və etilen qlikol” aşkar edilib.
Qambiyada Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən apteklərdən, mağazalardan və bazarlardan bu dərmanların yığışdırılması üçün reydlər təşkil edilib. Artıq həmin vasitələrdən 16 min ədədi müsadirə edilib.