Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il 30 oktyabr tarixində  Sumqayıt şəhər Şəhidlər Xiyabanında, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərərək şəhid olmuş Allahverdiyev Vüsal Tahir oğlunun Anım günü tədbiri keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, cümə məscidinin axundu Hacı Rauf, şəhidimizin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları Şəhidimizin məzarı üzərinə gül dəstələri qoyublar. Sumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidlərimizin ruhuna dualar oxuyub.  Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin kollektivi və Qubadlı rayon məktəblilərinin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib.  

Tədbirdə qeyd olunub ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.  Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədaləti bərpa olunub.  Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.  

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olunub.  27.09.2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində rayonumuzun sakinlərindən 300 nəfərə yaxını könüllü olaraq iştirak edib.  44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazıblar.  Şəhidlərimizin qisası alınıb, qanı yerdə qalmayıb. 

Şəhidimizin atası Tahir Allahverdiyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirib.