Noyabrın 2-də Lənkəran ŞİH başçısı Taleh Qaraşovun Siyavar kənd inzibati ərazi dairəsində səyyar qəbul-görüş keçirib.  

"Unikal" xəbər verir ki, icra hakimiyyəti aparatının məsul şəxslərinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələrinin qəbul-görüşdə iştirakı qaldırılan məsələlərin həllinə daha çevik yanaşmanı təmin edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu qəbul-görüşdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, vətəndaşların müraciətlərinə baxılması, sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi demoktarik dəyərlərin, habelə vətəndaş cəmiyyətinin tərəqqisi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısının bu yöndəki xüsusi tövsiyə və tapşırıqları insanların yerlərdəki qayğılarının, problemlərinin dinlənilməsinə və həlli istiqamətində qanunamüvafiq addımların atılmasına hesablanıb.

Ərazidəki şəhid ailələrinin üzvlərinin, müharibə iştirakçılarının hər birinin qayğı və problemlərini dinləyən T.Qaraşov qaldırılan məsələlərin həllindən ötrü yerindəcə tapşırıq və tövsiyələrini verib. Yerli insanlar da çıxışlarında rayon rəhbərliyi ilə maneəsiz və birbaşa dialoq qura bildikləri üçün minnətdarlıqlarını ifadə ediblər, qaldırdıqları məsələlərin həllinə ən qısa zamanda nail olacaqlarına inandıqlarını bildiriblər.