"İranda heç kimin bilmədiyi hərbi texnologiya var və biz bunu tətbiq edəndə amerikalılar bundan xəbər tutacaqlar".

"Unikal" xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusu Baş Komandanının müavini admiral Əli Fədavi deyib.

O qeyd edib ki, İraqla müharibə zamanı İran silahlı qüvvələri bütün hərbi texnikasını xaricdən idxal edirdi, halbuki hazırda ölkə özünün müdafiə qabiliyyətinin qurulmasında böyük irəliləyiş əldə edib.

“Daxildə tikanlı məftillər belə istehsal edə bilmirdik, lakin bu gün hərbi texnikamızın bir hissəsini dünya dövlətlərinə satırıq. Bəziləri deyirdi ki, bizim qayıq və döyüş gəmisi düzəltməyə ehtiyac yoxdur və bu texnikanı almalıyıq, amma biz sürətli qayıqlar hazırlaya bilmişik... 1984-cü ildə Çindən yer-yer raketləri almışıq, amma sonra başlamaq qərarına gəldik. Raketləri özümüz istehsal edirik və bu gün biz 2000 kilometr mənzilli qanadlı raket istehsal edə bilmişik”.

Onun sözlərinə görə, Birləşmiş Ştatların keçmişdə Fars körfəzində çoxlu döyüş gəmiləri olub, lakin bu gün amerikalıların eyni mövcudluğu yoxdur. “Bu gün amerikalılar Fars körfəzində 373 döyüş gəmisi və təyyarədaşıyıcısı olmasına baxmayaraq, bölgədən qaçıblar. Çünki bilirdilər ki, müharibə olarsa, Amerika hərbi gəmiləri batacaq”.

Fədavinin sözlərinə görə, “hərbi sahədə heç kimin bilmədiyi texnologiyalarımız var və biz onları tətbiq edəndə amerikalılar onlar haqqında biləcəklər”.

Gültəkin Ələsgər