Pekində çinli həkimlər son sutka ərzində pandemiyanın başlanğıcından bəri koronavirusa yoluxanların maksimum sayını açıqlayıblar, 1438 vətəndaş müsbət test nəticəsi alıb.
"Unikal" xəbər verir ki, Çin Xalq Respublikasının Gigiyena və Sağlamlıq üzrə Milli Komitəsi çərşənbə axşamı günü bildirib ki, yoluxmuş 274 nəfərdə COVID-19 əlamətləri, 1164 nəfərdə isə heç bir əlamət yoxdur. Paytaxt hökumətinin sözçüsü Xu Hejian Çin Mərkəzi Televiziyası tərəfindən yayımlanan mətbuat konfransında bildirib ki, noyabrın 24-dən Pekin sakinləri ictimai yerləri ziyarət etmək üçün son 48 saat ərzində mənfi PCR testi keçirməli olacaqlar. Dövlət qurumlarına, ticarət mərkəzlərinə, supermarketlərə, kafelərə, mehmanxanalara və digər müəssisələrə gələnlər analizin nəticəsini girişdə xüsusi mobil proqram vasitəsilə nümayiş etdirməlidirlər. Əvvəllər hazırkı PCR testinin müddəti 72 saat idi.
"Paytaxtda xəstəliyin qarşısının alınması və mübarizə işləri ən vacib, kritik mərhələdədir" -deyə Xu Hejian bildirib.
Şəhər hələ də karantinə alınmayıb, lakin paytaxtın ən böyük rayonunun - təxminən 3,4 milyon əhalisi olan Çaoyangın sakinlərinə çox zərurət olmadıqca onu tərk etməmək tövsiyə olunub. Çaoyang bütün yeni diaqnoz qoyulmuş infeksiyaların yarısını təşkil edir. Şəhər rəhbərliyi ərazidə yaşayanları sosial əlaqələri və şəhər ətrafında hərəkəti mümkün qədər azaltmağa çağırıb. Çaoyangda çoxlu sayda səfirliklər, iri şirkətlərin ofisləri, eləcə də əcnəbilərin yaşadıqları və vaxt keçirdikləri Sanlitun mikrorayonu var.