"Sülh müqaviləsinin mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər məsələləri kimi həssasdır".
"Unikal" xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, konkret razılaşmalar əldə olunmayana qədər tərəflərin mövqelərini şərh etmək yersizdir.
"Biz bu barədə dəfələrlə danışmışıq", - Zaxarova əlavə edib.
Zaxarova xatırladıb ki, noyabrın 14-də Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvanda səfərdə olub.
“Hazırda Xovayev Bakıda səfərdədir. Xovayevin Bakıdakı təmasları zamanı sülh müqaviləsi məsələləri müzakirə olunur”, - M.Zaxarova qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Gültəkin Ələsgər