Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar və digər rəsmilər "Qardaş yumruğu" təlimini izləmək üçün təlim poliqonuna gəliblər.
Məruzə edilib ki, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə qarşılıqlı əlaqədə müxtəlif təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirirlər.
General-polkovnik Z.Həsənov və cənab H.Akarın rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları isə xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər.
Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib.
Keçirilən birgə təlimi yüksək qiymətləndirən müdafiə nazirləri təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələrini verib.
*** 11:56
Bu gün Azərbaycan-Türkiyə birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü" keçirilir.
"Unikal"ın xəbərinə görə, təlimimi müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri izləyib.
Hazırda təlim davam edir.