"Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətini təbrik ediblər.
"Unikal" xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsi heyəti təbrik edərək "Qardaş yumruğu" təliminin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, birliyimizin sarsılmaz və əbədi olduğunu bildirib.
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bir millət, iki dövlət anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi birliyimizin gələcəkdə də davam etdiriləcəyini qeyd edərək bütün şəxsi heyəti təbrik edib.