"Brüssel görüşü Ermənistanın təxribatı nəticəsində təxirə salındı. Azərbaycan o görüşə hazır idi. Hər görüş əvvəlki görüşlərin dayandığı yerdən başlayır".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan həmişə irəli getməyin tərəfdarıdır: "Təəssüf ki, Ermənistan tez-tez mövqeyini dəyişir. Heç də ikitərəfli münasibətləri normallaşdırmağa xidmət edən addımlar atmır. Azərbaycan təmkinlə qonşu Ermənistanla post-münaqişə dövründən sonra əlaqələr qurmaq üçün cəhdlər göstərir".
Deputat bildirib ki, Rusiya tərəfinin təşəbbüsü təqdirəlayiqdir və görüş ola bilər:
"Rusiyanın hər iki ölkə ilə yaxşı münasibətləri var və Azərbaycan-Ermənistan rəhbərlərinin öz ərazisində görüşlərini keçirməsində böyük təcrübəyə malikdir. Brüssel görüşü Fransanın Azərbaycana qarşı çox qərəzli mövqeyinə görə Azərbaycan Prezidenti tərəfindən qətiyyətlə rədd edildi. Bütün cəmiyyət Prezidentimizin bu addımını dəstəklədi. İndi isə həmin amil yoxdur. Görüşdə sərhədlərin demarkasiya və delimitasiyası, Ermənsitan tərəfindən təxribatlara son qoyulması və Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına doğru qətiyyətlə addımlamaq məsələləri müzakirə oluna bilər. Sülh müqaviləsi imzalanmalıdır. Azərbaycan buna hazırdır. Azərbaycanın stol üzərinə qoyulacaq ciddi təklifləri var. Bu təkliflər Azərbaycanla yanaşı Ermənistanın, regionun və dünyanın da xeyrinədir. Ermənsitan hər hansı formada bundan imtina edərsə, bir daha dünya qarşısında hansı niyyətdə olduğunu sübut etmiş olar. Ermənistanın deməsindən asılı olmayaraq, Azərbaycan regionda sülhün olmasında qətiyyətlidir. Ermənistan gec-tez Azərbaycanın dediyi təkliflərə gələcək".
Qeyd edək ki, ötən gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi üçün yardım göstərməyə hazırdır. O, danışıqların Sankt-Peterburqda MDB ölkələrinin başçılarının ənənəvi Yeni il ərəfəsi qeyri-rəsmi görüşü çərçivəsində baş tuta biləcəyini istisna etməyib.
Anar Kəlbiyev