Ötən gün Xocalı rayonunda azərbaycanlı mütəxəssislərindən ibarət qrupun iştirakı ilə Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərin aparılması üzrə danışıqların növbəti mərhələsi keçirilib. Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları isə jurnalistlərin fəaliyyətinə mane olub.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu hadisələr bir ilk idi:
"Bu prosesləri davam etdirmək lazımdır. Bu dəfə sülhməramlılar buraxmadı, gələn dəfə buraxacaqlar. Jurnalistlər hər dəfə gedib orada iştirak etməlidirlər. Gec-tez bu məsələ də həll olunacaq.
Sülhməramlılar öz fəaliyyətlərini 2020-ci ilin 10 noyabr bəyanatına uyğun həyata keçirməlidirlər. Orada mandat məsələsi qeyd olunmayıb. Onlar hazırda müəyyən olunmamış mandatla orada yerləşdiriliblər və öz fikirlərinə əsasən fəaliyyətlərini həyata keçirirlər. Azərbaycan danışıqlar yolu ilə onların mandatını müəyyənləşdirə bilər.
O ki qaldı bizim faydalı qazıntılarıməızın talan olunmasına, bu da danışıqların mövzusudur. Azərbaycan tam düzgün hərəkət edib, məsələləri qaldırıb, öz tələblərini irəli sürüb. Əlbəttə, biz gözləmirdik ki, bir gün ərzində bütün məsələlər həll olunacaq, amma bu o demək deyil ki, dinc dayanaq. Bizə lazımdır ki, bu məsələni gündəmdə saxlayaq və müzakirə edək. Faydalı qazıntılarımızın daşınması ilə bağlı narahatlığımızı sülhməramlılara çatdırmalıyıq, çünki onsuz da hamı bilir ki, bu, Azərbaycanın torpağıdır. Biz tam şəkildə haqlıyıq", - deyə keçmiş nazir qeyd edib.
Murad İbrahimli