"Təbii olaraq dünya ərzaq bazarlarındakı vəziyyət əksər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərini daha da aktuallaşdırır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, Prezidentin hökumətə verdiyi tapşırıqlardan irəli gələrək Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2022-ci il 21 fevral tarixli Sərəncamının icrası istiqamətində bir çox vacib tədbirlər görülüb:
"Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması məqsədilə sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib. Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün əsas prioritetlərdən biridir. Növbəti ildə də ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılır və cari ilə nisbətən 38,6% çoxdur (625,2 mln. manat). Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub (180 milyon manat). Ümumiyyətlə dünyada və regionda baş verən geosiyasi proseslərə və çətinliklərə baxmayaraq ölkəmizdə ərzaq ehtiyatı ilə bağlı hər hansı problem olmayıb və yoxdur".
Ə.Əsədov qeyd edib ki, əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması istiqamətində ciddi işlər aparılır, o cümlədən əsas məhsullar üzrə ciddi ixrac məhdudiyyətləri tətbiq edilib, 90 günlük mal ehtiyatları yaradılıb:
"Başlıca məqsədimiz əhalimizi əsas ərzaq məhsulları ilə təmin etməkdir. Bir daha qeyd etmək istəyirəm ki, qiymət artımı ilə əlaqədar hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiya təzyiqlərinin azaldılması istiqamətində zəruri tədbirlər görülür və görüləcəkdir".
Anar Kəlbiyev