Mil-Muğan Hidroqovşağı 100 min hektara yaxın ərazinin suvarılmasına xidmət edir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Unikal"a bildirib ki, 1972-ci ildən fəaliyyət göstərən Mil-Muğan Hidroqovşağı 100 min hektara yaxın ərazinin suvarılmasına xidmət edir. Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsinin balansında olan əkin sahələrinin suvarılması üçün Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanallarının suyundan istifadə edilir. Suvarma kanallarında mütəmadi olaraq lildən təmizlənmə işləri aparılır. Baş-Mil kanalının uzunluğu 37 km-dən artıqdır. Kanal Füzuli və Beyləqan rayonları ərazisindən keçir. Bu kanaldan Yuxarı-Mil və Yeni Xanqızı kanalları ayrılır. Yuxarı-Mil kanalı Füzuli, Xocavənd və Ağcabədi rayonlarındaəkin sahələrini suvarma suyu ilə təmin edir. Yeni Xanqızı kanalı isə Beyləqan və Ağcabədi rayonlarına xidmət edir.
Mil-Muğan Hidroqovşağı üzərində suyu ərazilərə tam çatdırmaq üçün 6 ədəd seqmentvari qapı var. Bundan başqa Hidroqovşaqdan ayrılan suyun enerjisindən Füzuli Su Elektrik Stansiyasının fəaliyyətində də istifadə olunur. Bundan başqa bu ildən etibarən Mil-Muğan Hidroqovşağı istismarı İdarəsinin balansında olan kanallarda elektron su ölçmə cihazları quraşdırılıb. Artıq bu cihazlar vasitəsi ilə suyun dəqiq miqdarını ölçmək mümkün olacaq.
Qeyd edək ki, Baş Mil kanalından Füzuli, Beyləqan, Ağcabədi və Xocavənd rayonları suvarma suyu ilə təmin edilir.