12 dekabr 2022-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.
Öncə dahi şəxsiyyət, unudulmaz lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra İSİ əməkdaşları tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
İclası giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbbasov qeyd edib ki, Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbət, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı olub. Məhz Ümummilli Liderin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, dünya məkanında öz layiqli yerini tutub.
Dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu bildirən Ə.Abbasov Ümummilli Liderin həyatı və siyasi fəaliyyətinə nəzər salıb. Qeyd edib ki, 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra ölkədə köklü dəyişikliklər baş verib. Ulu Öndərin müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycan regionda ən qabaqcıl dövlətlərdən birinə çevrilib.
Ə.Abbasov Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi inkişafından danışaraq qeyd edib ki, bu dövr məhz güclü sənaye potensialının yaradılması və bütün sahələrdə sürətli inkişafla xarakterizə olunur. Həmin dövr Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi, neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. Bildirib ki, məhz böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan və ökəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın “yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlanıldı.
Elm və təhsilin inkişafında Heydər Əliyevin misilsiz töhfələrindən söz açan institut rəhbəri Ulu Öndərin dövlət-elm-istehsalat zəncirinin əsasını qoyduğunu, bununla da ölkədə rabitə, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər sahələrdə sürətli inkişaf baş verdiyini, paytaxtda və müxtəlif regionlarda istehsalat birliklərinin, elmi tədqiqat müəssisələrinin əsasının qoyulduğunu vurğulayıb. Ə.Abbasov təhsildə önəmli addımlardan birinin də Azərbaycan təhsilinin hüdudlarının genişləndirilməsi olduğunu bildirib.
Ümummilli Liderin uğurlu daxili və xarici siyasətindən bəhs edən İSİ-nin baş direktoru həmin dövrdə ölkənin hərbi potensialının gücləndirilməsi, inkişafı, mədəni irsinə verilən dəyərdən, bölgədə sülhün bərqərar olunmasından, imzalanan beynəlxalq əhəmiyyətli sənədlərdən söz açıb. Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə bir çox sahədə həyata keçirilən layihələr, atılan addımlar bu gün də öz bəhrəsini verməkdədir.
Akademik vurğulayıb ki, Ulu Öndər üçün ən böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz Azərbaycanın ərazi bütövlüyünün bərpası olub. Heydər Əliyev bu istiqamətdə taleyüklü qərarlar qəbul edib, itirilən pozisiyalar üçün diplomatik sahədə uğurlu addımlar atıb, ordu quruculuğuna xüsusi diqqət göstərib. Məhz Heydər Əliyev üçün önəmli olan bu məsələ Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi nəticəsində öz həllini tapıb.
Çıxışının sonunda Əli Abbasov Azərbaycan Respublikasının müasir dövrdə qüdrətinin və dinamik inkişafının təməlinin məhz dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik siyasəti ilə bağlı olduğunu bir daha vurğulayaraq Ulu Öndəri dərin ehtiram hissi ilə yad edib.
Sonra t.ü.f.d., dosent Rəna Əsədova çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu qeyd edib, ölkə rəhbərliyi tərəfindən qadınların problemlərinin həll olunmasında göstərilən xüsusi qayğıdan danışıb. Bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin məhz Ulu Öndərin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır.
R.Əsədova qeyd edib ki, Heydər Əliyev qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmiş, onların hüquqlarının qorunması, təbliği, yüksək imtiyazların verilməsi istiqamətində müxtəlif sərəncamlar qəbul etmiş və dövlət proqramlarının həyata keçirilməsinə göstəriş vermişdir. Sözügedən tədbirlərə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayının keçirilməsi və s. aid edilə bilər. Çıxışının sonunda qadınlara dövlət dəstəyinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan alim bu sahədə həyata keçirilən cari dövlət proqramlarından danışıb.
İSİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Nərmin Abbaszadə çıxış edərək Ulu Öndərin Azərbaycan elminin, dövlətçiliyin inkişafına, gənclərin vətənpərvər ruhda, layiqli vətəndaş kimi yetişdirilməsi istiqamətində töhfələrindən bəhs edib. Qeyd edib ki, müstəqilliyin qorunması, ölkənin hərtərəfli inkişafı və dünya arenasında öz layiqli mövqeyini tutması istiqamətində ictimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində sistemli islahatlar aparan Heydər Əliyev sözügedən proseslərdə gənclərin roluna daima xüsusi diqqət yetirmiş və bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etmişdir.
N.Abbaszadə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, 16 min azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmiş, müasir ixtisaslara yiyələnmiş və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlamışlar. Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirən N.Abbaszadə həyata keçirilən gənclər siyasətinin başlıca məqsədinin milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi olduğunu vurğulayıb.
Daha sonra İSİ-nin içraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək dahi şəxsiyyət, unudulmaz lider Heydər Əliyevin Azərbaycanda informasiya texnologiyalarının, elm və təhsil müəssisələrinin inkişafına göstərdiyi mühüm diqqət və qayğıdan söz açıb. Təkcə Azərbaycanda deyil, ümumilikdə SSRİ məkanında yüksək iradəsi, uzaqgörən siyasəti ilə seçilən Heydər Əliyevlə bağlı xatirələrindən söz açan Ə.Sadıqov Ulu Öndərin alimlərə göstərdiyi ehtiramdan, sosial-iqtisadi dəstəkdən ətraflı şəkildə bəhs edib, dahi liderin əziz xatirəsini yad edib.
Tədbirdə t.e.d., dosent Yasin Rüstəmov və t.ü.f.d. Arzu Həsənova müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi kursu, ölkənin inkişafına, elmə, ordu qurculuğuna və intellektual inkişafa göstərdiyi töhfələrdən bəhs edib, xatirələrini bölüşüblər.
Sonda Ə.Abbasov bütün ömrünü Azərbaycan xalqının rifahına, dövlətçiliyin inkişafına həsr edən, müstəqilliyimiz naminə misilsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə edib, qarşıdan gələn “Heydər Əliyev İli”ndə bu istiqamətdə görüləcək işlərlə bağlı tövsiyələrini səsləndirib.