Son illər ölkəmizdə elmlə təhsilin inteqrasiyasına, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan məktəb illərindən başlayaraq şagirdlərin elmi axtarışlara sövq edilməsi, elmi tədqiqat işinə meylli, yaradıcı düşüncəyə malik istedadlı şagirdlərin aşkar edilməsi, onların tədqiqatçı-mütəxəssis kimi formalaşması xüsusi əhəmiyyət kəsb edir.
"Unikal" xəbər verir ki, Bu istiqamətdə görülən işlər çərçivəsində 2012-ci ildən başlayaraq AR Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası və digər təşkilatlarla birgə “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir. Hər il keçirilən bu müsabiqədə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri komandalar şəklində hazırladıqları layihələri təqdim edir, öz yaradıcılıq bacarıqlarını nümayiş etdirirlər.
Bu işdə İdarəetmə Sistemləri İnstitutu (İSİ) da həmişə yaxından iştirak etmişdir. Belə ki, institutun tanınmış alimləri dəfələrlə müsabiqədə iştirak edən şagirdlərə elmi məsləhətçilik edərək mövzuların seçilməsində, layihələrin hazırlanmasında və müsabiqəyə təqdim olunmasında onlara elmi dəstək göstəriblər.
2023-cü ilin fefral ayında keçirilməsi nəzərdə tutulan növbəti “Sabahın alimləri” Respublika müsabiqəsində iştirak edəcək 189-190 saylı tam orta məktəbin 2 nəfər 10-cu sinif şagirdindən ibarət komandasına İSİ-nin laboratoriya müdiri, texnika elmləri doktoru Fəhrad Paşayev və aparıcı elmi işçi, texnika elmləri doktoru Elxan Səbziyev elmi dəstək göstərəcəklər.
8 dekabr 2022-ci il tarixində institutda adı çəkilən məktəbin müsabiqəyə hazırlaşan şagirdləri – Ziya Sadıqzadə, Əziz Əlizadə və informatika müəllimi Gülnar İbadlı ilə görüş keçirilmişdir. İlk öncə institutun baş direktoru, akademik Əli Abbasov ilə keçirilən görüşdə müsabiqənin mahiyyətindən bəhs edilmiş və onun əhəmiyyəti yüksək qiymətləndirilmişdir. Akademik Əli Abbasov şagirdlərə öz tövsiyələrini bildirmiş və layihə üzərində işləmələri üçün onlara institutda lazımi şəraitin yaradılacağını vurğulamışdır.
Daha sonra komanda üzvləri institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov ilə görüşüblər. Görüş zamanı şagirdlərin müsabiqəyə “Kompüter elmləri” nominasiyası üzrə təqdim edəcəkləri layihə ətrafında geniş fikir mübadiləsi aparılmış, layihənin yerinə yetirilməsi üçün iş planı tərtib olunmuşdur. AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, həmçinin hər iki görüşdə iştirak edən texnika elmləri doktorları Fəhrad Paşayev və Elxan Səbziyev, İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d Sevinc Quliyeva tərəfindən şagirdlərə məsləhət və tövsiyələr bildirilmiş, mütəmadi olaraq şagirdlərlə müəyyən olunmuş cədvəl üzrə görüşlərin keçirilməsi qərara alınmışdır.
Görüşün sonunda şagirdlər t.e.d. Fəhrad Paşayevin rəhbərlik etdiyi “Texniki obyektlərin və proseslərin modelləşdirilməsi” laboratoriyasında görülən işlərlə yaxından tanış olublar.