Ölkədə aqrar innovasiyaların fermerlər, sahibkarlar və gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə “Aqrar Startaplar Forumu” keçirilib.
"Unikal" xəbər verir ki, forumda “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı, “Agro X”, “Greenovation”, “Ideathon on Agrinnovation”, “Baku Food Hackathon” müsabiqəsinin qalib iştirakçıları, ali təhsil müəssisələrin startap fəalları, akselerasiya və inkubasiya mərkəzləri iştirak ediblər. Forum zamanı startapçılar öz innovativ həlləri və prototiplərini sərgiləyib, layihələrinin təqdimatını həyata keçiriblər.
Tədbirdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, millət vəkilləri ölkədə innovativ həllərin tətbiqinin genişləndirilməsi məqsədilə təşkil olunan tədbirlərin vacibliyi və startapların geniş kütlədə təbliğ olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə aqrar texnologiyalara dair cari ildə keçirilmiş müsabiqə, yarışma, hakaton və festivallar barədə məlumat verib və növbəti ildə də bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.
Forumda “Agritech ekosisteminin inkişafı”, “Ağıllı əkinçilik və gələcəyin dəqiq kənd təsərrüfatı”, “Aqrar sahədə istifadə olunan mütərəqqi texnologiyalar” mövzularında panel müzakirələr keçirilib. Müzakirələrdə uğur qazanan startaplar, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər öz təcrübələrini forum iştirakçıları ilə bölüşüb və tövsiyələrini veriblər.