Azərbaycan Dillər Universitetində ADU-nun müəllim və tələbə komandaları ilə çinli tələbələrin və Çin şirkətlərinin Azərbaycandakı nümayəndələrindən ibarət yığma komandalar arasında stolüstü tennis üzrə yoldaşlıq turniri keçirilib. Azərbaycan və Çin arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə həsr olunmuş idman turnirinə böyük maraq olub.
"Unikal" xəbər verir ki, turnirin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycan-Çin humanitar əlaqələrinin uğurla inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsində iki ölkə liderlərinin rolunu xüsusi vurğulayıb. Böyük İpək Yolunda tarixi münasibətləri ilə bağlı olan Azərbaycan və Çin xalqları arasında idmanın dostluq əlaqələrinin inkişafında böyük rolu qeyd olunub.
Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müşaviri cənab Dinq Tao bildirib ki, diplomatik münasibətlərin yaranması 30 il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, mehriban qonşuluq və anlaşma prinsiplərinə daim sadiq qalaraq münasibətləri davamlı inkişaf etdiriblər. Xüsusilə son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi altında ölkələr arasında əməli əməkdaşlıq öz bəhrəsini verir, mədəni-humanitar əlaqələr daha da yaxşılaşır, ənənəvi dostluq əlaqələri möhkəmləndirilir.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Prezident İlham Əliyevin 2005-ci ildə Çinə rəsmi səfəri zamanı Çin Olimpiya Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında idman-texniki əməkdaşlıq haqqında sazişin imzalanmasının idman sahəsində hər iki ölkə arasındakı münasibətlərin inkişafının əsası olduğunu vurğulayıb. Qeyd edilib ki, ADU-nun Konfutsi İnstitutu Azərbaycan Stolüstü Tennis Federasiyası ilə əməkdaşlığını inkişaf etdirməyi, tələbələrin bu idman növünə cəlb olunmasını, ixtisaslı məşqçi heyətinin mübadiləsini, idmanla bağlı birgə elmi seminarların təşkilini planlaşdırır.