"Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər. 5 ildən sonra alnıaçıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib:
"Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular. Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkliatçıları, müdafiəçiləri, hərbi hissələrdə samosud təşkil edənlər, qurbanları qospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir. Saya diqqət yetirin, samosudçular və hərbi prokurorluq bir taboru-xüsusi vurğulayarıq ki, bir taboru ermənilərin şantajına boyun əkməkdə ittiham edib. Belə adamlar nədən gedib Ermənistanda müstəntiqlik etmirlər? Hərbçilərə işgəncə verəndə düşmən sevinirmiş ki, onların gücü çatmadığı işi bunlar görür. Lakin Baş prokurorluq sübut etdi ki, xəyanət dosyesi saxtadır. Bax, Vətən müharibəsində qələbəmizin sirri bundadır. 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərənləri cəzalandıranlar, döyüş ruhuna zərbə vuranlar işğalçılarla, 2020-ci ildə dövlətimizi müharibədən çəkindirmək istəyənlərlə eyni cərgərdədilər. Zəfərimizdə müstəsna rolu olan 4 günlük müharibəyə qarşı təxribatın tələsinə düşənlər ordunu düşmənlə sövdələşməkdə suçlamaqla işğala dəstək veriblər. İndi görün, kimdir satqın?"
Anar Kəlbiyev