"Biz, 2016-ci ildə nağdsız ödənişlər haqqında qanun qəbul elədik. Bu il dəyişiklik olundu və 4 min manatdan artıq nağdsız ödənişlər qadağan edildi. Xatırlayırsınızsa, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov çıxış elədi və dedi ki, evlərdə 10 milyard dollardan artıq vəsait var. Bundan sonra səhv etmirəmsə 7 bank bağlandı".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, 7 bankın əmlakı hələ indi özəlləşdirməyə çıxarılır ki, bankda pulları batan insanların vəsaitinin bir hissəsi qaytarılsın:
"İnsanların banka inamı itib. Biz Beynəlxalq Bankı xatırlayırıq. Bu dövlət bankı idi. Dövlət onun bərpası üçün xeyli vəsait xərclədi. Hansısa dələduzlar 10 milyard dollardan artıq vəsaiti dağıtdılar. Sonradan xalqın pulları hesabına bankın fəaliyyəti bərpa olundu. İnsanların banka inamı yoxdur, ona görə də insanlar pullarını evdə saxlayırlar. Belə olan təqdirdə yeni qanunla 20 min manatdan yuxarı bütün vəsaitlərlə bağlı banklar tərəfindən müştəri uyğunluğu adı altında sənədlər tələb olunacaq ki, onun mənbəyini göstər. Biz bilrik ki, bu yol əslində korrupsiyanın qarşısını almayacağıq. Əslində korrupsiya daha da çiçəklənəcək. Bunun nümunəsini də göstərmək istəyirəm. Vaxtilə qanun qəbul elədik ki, hər ay heç bir şəxs 30 min manatdan artıq bank hesabından vəsait çıxara bilməz. Burada kommersiya ilə az-çox əlaqəsi olan şəxslərin hər biri bilirlər və istənilən sahibkarlardan soruşsanız aydın olacaq ki, o məbləği nağdlaşdırmaqla bağlı heç bir problem yoxdur. Digər toxunulamz şəxslərlə cinayət əlaqəsinə girirlər, köçürmələr edir, saxta müqavilələr bağlayırlar. Sadəcə olaraq bu zaman qazanclarının 10-15 faizini itirirlər. İndi də nə olacaq. Ona gətirib çıxaracaq ki, kimsə ev, avtomobil almaq istəyirsə, notariusa gedəcək, hansısa bankla danışacaq və orada ona deyəcəklər ki, danışdığınız məbləğin 10 faiz artığını verin ki, sizdən evin, avtomobilin pulunu haradan aldığınızı tələb etməyək. Mən başqa məsələyə də toxunmaq istəyirəm. Yaxşı olardı ki, bura İqtisadiyyat Nazirliyinin nümayəndələri də gəlib, ölkədə kölgə iqtisadiyyatı ilə bağlı aydınlıq gətirsinlər. Bir çox iqtisadçı ekspertlər bu barədə fikir bildirirlər. Məsələn biri kölgə iqtisadiyyatının həcmini 65 faiz, digəri daha çox olduğunu deyir. Bu qədər böyük bir kölgə iqtisadiyyatının olduğu ölkədə-müəllimlər repititroluqla, həkimlər daha çox xəstələrin ödədiyi pulla yaşayırlar".
Anar Kəlbiyev