“Aqrar Sahədə Qadınların İqtisadi Güclərinin Artırılması – WEP” layihəsinin bağlanış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, ekspetlər, o cümlədən qadın fermerlər iştirak edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan hökuməti arasında Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində icra edilən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən həyata keçirilən layihənin məqsədi kənd qadınlarının aqrar məlumatlara, bilik və bacarıqlara, maliyyə resurslarına, və bazarlara çıxışının yaxşılaşdırılmasıdır.
Tədbiri giriş sözü ilə açan Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev qeyd edib ki, ölkədə 12 rayon üzrə əhalinin həssas qruplarının, şəhid və qazi ailələrinin də cəlb olunduğu 277 benefisiarı əhatə edən layihə çərçivəsində kənd qadınlarına kənd təsərrüfatının müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə etmək imkanları təmin edilib. Bununla yanaşı, layihə çərçivəsində qadın fermerlərin texniki bacarıqları artırılıb, müvafiq avadanlıqlarla təmin olumasına dəstək göstərilərək gəlirlərinin yaxşılaşdırılmasına nail olunub. Eyni zamanda, layihənin uğurla icrası qadınların kənd təsərrüfatı məhsullarının istehsalı və marketinqi ilə bağlı praktiki məlumatlara yiyələnməsində əhəmiyyətli rol oynayıb, nəticədə istehsal göstəriciləri yüksəlib, satış həcmlərinin artırılması təmin edilib. Layihə çərçivəsində benefisiarların və “Azərbaycan Kənd Qadınları Assosiasiyası”nın nümayəndələrinin iştirakı ilə Türkiyəyə səfər təşkil olunub, aqrar sahədə iqtisadi fəaliyyətinin artırılması istiqamətində beynəlxalq təcrübə öyrənilib. Həmçinin, layihənin icra müddəti ərzində qadınların kollektiv fəaliyyətinin təşkili məqsədilə qadın qrupları yaradılıb, onların qanunvericiliyin tələblərinə uyğun birgə təşkilatlanması və aqrar kooperativ olaraq fəaliyyətə başlamaları istiqamətində metodiki tövsiyələr verilib və təlimlər keçirilib.
AKİA sədri əlavə edib ki, WEP-in dayanıqlılığını və davamlılığını təmin etmək üçün növbəti mərhələlərdə də dövlət qurumlarının əməkdaşlığı və sıx kommunikasiyası ilə qadınların aqrar sahədəki fəaliyyətlərinin kompleks yanaşma ilə dəstəklənməsi hədəflənir.
Sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbərinin müavini Bariz Mehdiyev çıxış edərək “WEP” layihəsinin icrası ilə əlaqədar müxtəlif dövlət qurumları, beynəlxalq ekspertlərlə əməkdaşlıq edildiyini, koordinasiya sayəsində bu layihənin icrasından müsbət nəticələr əldə olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə qadınların ictimai həyatda rolunun artması, gender bərəbərliyinin qorunması, qadın fermerlərin, sahibkarların və qadın liderlərin dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sistemlərinin yaradılması işinə verilən dəstəkdən söz açıb. Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini, eyni zamanda WEP layihəsi üzrə milli koordinator Leyla Cabbarlı görülən işlər, onların nəticələri barədə təqdimatla çıxış edib.
Görüş panel müzakirələrlə davam etdirilib.