Dekabrın 15 və 16-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Bərdə rayonunun Həsənqaya kəndindəki 866 saylı məcburi köçkün qəsəbəsində yerləşən Ağdam rayon 1 nömrəli tam orta məktəbdə və Tərtər rayon, Şıxarx qəsəbəsi, Ağdam rayon 107 saylı köçkün ümumi orta məktəbində mina təhlükəsi mövzusunda maarifləndirici təlim keçirilib.
"Unikal" xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd mina və partlamamış hərbi sursatlarla davranış qaydaları, təhlükədən qorunmağın yolları ilə bağlı məktəblilərə məlumat verilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin təhlükəsizliyinin təmin edilməsi, partalamamış hərbi sursatla qarşılaşacaqları təqdirdə aidiyyəti qurumlara müraciətlə bağlı məlumatlılığın artırılmasıdır.
Məktəbli, müəllimlər və işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürülməsi nəzərdə tutulan sakinlərin iştirakı ilə təşkil edilmiş maarifləndirici təlimdə məlumat broşürləri paylanıb, praktiki məşğələlər təşkil edilib. Mina partlayışından zərərçəkmiş bir neçə məcburi köçkün və müharibə iştirakçısı da təlimdə iştirak edib.
Sonda şagirdlərə təhlükəsiz davranış qaydaları ilə bağlı məlumatın əks olunduğu broşür, məlumat kitabçası, dəftər və karandaşlar paylanılıb.