Dekabrın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Xolmili kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul-görüşdə iştirak edən vətəndaşların müraciətlərini birbaşa dinləyib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bir qismi isə araşdırılması üçün nəzarətə götürülüb. İcra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb.
Vətəndaşlarla yerlərdə keçirilən birbaşa görüşlərin əhəmiyyətindən danışan Taleh Qaraşov heç bir müraciətin diqqətdən kənarda qalmayacağını bildirib. Natiq çıxışında vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin yaranması zərurətinə də toxunub: “Etimad və inamın davamlı olması üçün qarşılıqlı münasibətlərdə birbaşa, vasitəsiz və maneəsiz dialoqun varlığı vacib məsələdir. Tərəflər qarşılıqlı maraqların sərhəddini, ehtiyac meyarını və gələcəkdə yarana biləcək istənilən məsələnin həlli üçün ortaq mövqe nümayiş etdirmək zərurətini yalnız dialoq vasitəsi ilə müəyyən edə bilərlər. Dialoqun baş verməsi üçün qarşılıqlı istək və uyğun şəraitin olması olduqca önəmlidir. Canlı mexanizim kimi dövlət də hər zaman vətəndaşı ilə qarşılıqlı dialoq qurmaq marağındadır. Dövlətimizin başçısının ali siyasi iradəsi də sosial dövlət quruculuğu və insan amilinin ön planda olması istiqamətindədır”.
İcra başçısı 44 günlük Vətən müharibəsindən və ondan sonrakı dövr ərzində görülən işlərdən danışaraq bildirib ki, Azərbaycan xalqı yumruq kimi dövlət başçısının ətrafında birləşməklə zəfərə imza atıb, bu gün azad olunan torpaqlarımız dirçəlməkdədir və artıq Ağalı kəndinə yerli sakinlərin Böyük Qayıdışı təmin edilib. T.Qaraşovun sözlərinə görə, Qarabağdakı quruculuq və bərpa işləri tamamilə Azərbaycan dövlətinin və xalqının maddi və mənəvi gücü ilə həyata keçirilir.
Yerli insanlar fikir və istəklərini heç bir maneə olmadan rayon rəhbərliyinə çatdıra bildikləri üçün məmnunluqlarını ifadə ediblər, eyni zamanda, dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yaşadıqları ərazidə quruculuq və abadlıq işlərinin aparılmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə minnətdarlıqlarını dilə gətiriblər.