Dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XIII Məzun-Karyera Sərgisi keçirilib.
"Unikal" xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərgi iştirakçılarını salamlayaraq universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. O, qeyd edib ki, belə sərgilər müəssisə və təşkilatlarla tələbə və məzularımız arasında əlaqələrin qurulmasından əlavə, gənclərimizin daha çox hansı sahəyə maraq göstərməsinin müəyyən edilməsində, o cümlədən işlə təmainatında mühüm rol oynayır.
Energetika nazirinin müavini Kamal Abbasov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək Azərbaycanda tələbə və məzunların öz seçimlərinə uyğun işlə təmin olunmasında belə sərgilərin mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, belə sərgilərin təşkili önəmlidir, tələbələr və universitetlərlə olan işbirliyi həm də əmək bazarına olan tələbləri müəyyən etmək üçün uyğun platformadır.
Qeyd edək ki, sərgidə 90 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni”QSC, “AzerGold”QSC, “Azerfloat”QSC və digərləri iştirak edib. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 260-dan artqı vakant iş yeri və 280 təcrübə yeri təklif olunub. Sərgidə ümumilikdə tələbə və məzunlar tərəfindən 1400-dən artqı CV şirkət nümayəndələrinə təqdim olunub.
Xatırladaq ki, ADNSU-da ildə iki dəfə olmaqla 2015-ci ildən başlayaraq Məzun-Karyera sərgisi keçirilir. İndiyədək bu sərgilərdə ADNSU-nun məzun və tələbələrinə 4516 vakant iş və təcrübə yeri təklif olunub.