Almaniyalı alim, dr. Mixael Raynhard Hess “Spiegel” jurnalının dekabrın 15-də işıq üzü görən sayında dərc olunan “Cənubi Qafqazda gərginlik. Azərbaycan Dağlıq Qarabağı izolə edir” adlı məqalə ilə bağlı jurnalın redaksiyasına etiraz məktubu göndərib.
"Unikal" xəbər verir ki, o, bu barədə öz feysbuk səhifəsində məlumat yayıb.
Belə ki, məqalədə “Azərbaycan hökuməti Dağlıq Qarabağ eksklavındakı ermənilərin yeganə təchizat yolunu blokadaya almaqda” təqsirli bilinir və azərbaycanlı vətəndaş cəmiyyəti fəalları "qəribə ətraf mühit fəalları" kimi dırnaq işarəsində verilməklə təhqir edilir.
Məqalə çox qərəzli olmaqla reallıqları əks etdirmədiyindən, jurnalın əməkdaşının fantaziyasının məhsulu olduğundan, Azərbaycan, eləcə də regionun tarixi və ədəbiyyatı üzrə mütəxəssis dr. Hess məqalə müəllifini və ümumilikdə “Spiegel” jurnalının redaksiyasını faktları təhrif etməklə neytrallığı təhlükə altında qoymaqda ittiham edib.
O yazıb ki, Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi bütünlükdə Azərbaycanın torpaqlarına qarşı ərazi iddiaları ətrafında cərəyan edir. Söhbət kimin müəyyən ərazilərə haqlı iddialarının olmasından, kimin isə təcavüzkar və işğalçı kimi çıxış etməsindən gedir. Birləşmiş Millətlər Təşkilatı, o cümlədən, 1993-cü il tarixli məlum Təhlükəsizlik Şurasının Qətnamələri və digər beynəlxalq təşkilatlar Qarabağın Azərbaycana məxsus olduğunu dəfələrlə və birmənalı şəkildə bəyan ediblər.
Dr. Hess bildirib ki, məqalənin müəllifi Ann-Dorit Boy “Dağlıq Qarabağ”dan danışarkən heç bir əsas olmadan “ərazisi kiçildilmiş dövlət” və “eksklav”dan danışır. Ən azı ilk iki termin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini inkar edir və müəllifin heç vaxt mövcud olmayan dövlət qurumunun mövcudluğu haqqında fantaziyasının məhsuludur: "Ann-Dorit Boyun başqa yerlərdə “de-fakto hökumət” kimi vurğuladığı separatçı qurumu hətta Ermənistan tanımır. Heç bir başqa dövlət də bunu etməyib və bu da öz növbəsində "eksklav" termininin istifadə edilməməsi üçün zəruri şərtdir".