16 dekabr 2022-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 22 noyabr 2022-ci il tarixli qərarına əsasən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqovun 60 illik yubileyinə həsr olunmuş “Fövqəladə hallarda idarəetmənin aktual problemləri” mövzusunda elmi sessiya keçirilib. Elmi sessiyada AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvləri Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov və Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, Hərbi Elmi Tədqiqatlar İnstitutunun rektoru, polkovnik Arif Həsənov, AR Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş zabiti, mayor Günay Əbdiyeva-Əliyeva, institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.
"Unikal" xəbər verir ki, iclası giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə edib. Bildirib ki, 1962-ci il 18 dekabr tarixində Lerikdə dünyaya göz açan dəyərli alim Əminağa Sadıqov 1985-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirib. O, 1992-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2013-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adlarını almış, 2017-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Ə.Abbasov görkəmli alimin əmək fəaliyyətinə ətraflı şəkildə nəzər salaraq qeyd edib ki, Ə.Sadıqov 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışmış, 1988-ci ildən AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatına köçürülmüş və orada Elmi-təşkilat şöbəsinin, Elmi-Təşkilat İdarəsinin, Elm və Təhsil Baş İadarəsinin rəisi vəzifələrində işləmişdir. Ə.Sadıqov 2019-2020-ci illərdə AMEA-nın akademik-katibi vəzifəsində işləmiş və AMEA Rəyasət Heyətinin üzvü olmuşdur. O, 11 dekabr 2020-ci ildə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsinə təyin edilmiş, 1 fevral 2021-ci ildən isə institutun icraçı direktoru vəzifəsində işləyir. Onun rəhbərliyi ilə fövqəladə hallarda risklərin proqnozlaşdırılması, modelləşdirilməsi, qiymətləndirilməsi və onların nəticələrinin aradan qaldırılması sahəsində mühüm elmi nəticələr əldə olunmuşdur və hazırda həmin nəticələrin praktikada tətbiqi istiqamətində ardıcıl işlər görülür.
İnstitut rəhbəri tanınmış alimin elmi və elmi-təşkilati fəaliyyətindən bəhs edərkən bildirib ki, Ə.Sadıqov bir çox dövlət əhəmiyyətli qurumların, o cümlədən Milli Məclisin Elm və Təhsil Komitəsinin işçi qrupunun üzvü kimi elm və təhsillə bağlı müxtəlif tədbirlərin təşkilində və həyata keçirilməsində, normativ-hüquqi sənədlərin hazırlanmasında bilavasitə iştirak edir. Qeyd edib ki, dünya elminə mühüm töhfələr vermiş Ə.Sadıqov səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə, Azırbaycanda elmin və təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının medalı ilə, AMEA-nın Fəxri Fərmanı və digər önəmli mükafatlarla təltif olunub.
Ə.Abbasov çıxışının sonunda İdarəetmə Sistemləri İnstitutunun kollektivi adından kibernetika elminə mühüm töhfələr vermiş görkəmli alimi təbrik edib, yubilyara müstəsna xidmətlərinə görə İSİ-nin mükafatını tədqim edib.
Sonra AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının sədri, akademik Rasim Əliquliyev çıxış edərək İSİ-nin Elmi şurasının müraciətinə əsasən, FRTEB-in ümumi yığıncağında AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqovun 60 illik yubileyinə həsr olunmuş elmi sessiyanım keçirilməsi təklifinin yekdilliklə qəbul olunduğunu və AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırıldığını xatırladıb. Rəyasət Heyətinin 8 dekabr 2022-ci il tarixli iclasında Ə.Sadıqovun uzunmüddətli səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə və Azərbaycan elminin inkişafında xidmətlərinə görə AMEA-nın ən yüksək mükafatı olan Fəxri Fərmanı ilə təltif edildiyini qeyd edən akademik bu təltifi AMEA rəhbərliyi tərəfindən elmin inkişafına göstərilən xüsusi diqqət kimi səciyyələndirib.
R.Əliquliyev rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından yubilyarı təbrik edərək elmi sessiyanın keçirilməsinin Ə.Sadıqovun elmi və elmi-təşkilati fəaliyyətinə, əldə etdiyi mühüm elmi nəticələrə ətraflı şəkildə nəzər salınması və fövqəladə hallarda idarəetmənin aktual problemlərinin müzakirəsi baxımından yüksək qiymətləndirib. Ə.Sadıqovun elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətindən, nəcib insani keyfiyyətlərindən söz açan R.Əliquliyev AMEA-nın elmi siyasətinin formalaşdırılması, idarə olunması və həyata keçirilməsində uzun illər fəal şəkildə iştirak edən alimin misilsiz xidmətlərindən tədbir iştirakçılarına ətraflı şəkildə bəhs edib. Qeyd edib ki, əsas qayəsi Azərbaycan elminin inkişafı olan, daim dövlətçilik siyasətinə sadiq qalan Ə.Sadıqovun ardıcıl elmi fəaliyyəti qloballaşan dünyada gənc kadrların elmə cəlb olunması istiqamətində nümunə ola bilər.
AMEA-nın vitse-prezidenti Ə.Sadıqovun elmi fəaliyyəti boyunca tədqiq etdiyi dövlət əhəmiyyətli fövqəladə hallarda idarəetmə sahəsində ekstremal şəraitdə baş verə biləcək proses və risklərin qarşısının alınması, kritik sistem, infrastruktur və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən təhlükəsizlik komponentlərinin idarə olunması kimi vacib məsələlərə nəzər salıb, alimin sözügedən sahələrdə fəaliyyətini yüksək qiymətləndirib. “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli fərmanını xatırladan R.Əliquliyev müvafiq sahədə alimlərin qarşısında duran önəmli vəzifələri diqqətə çatdırıb.
R.Əliquliyev çıxışının sonunda tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edərək Azərbaycan elminin inkişafında yeni müvəffəqiyyətlər arzulayıb, qlobal texnoloji çağırışlar kontekstində birgə tədqiqatların aparılması istiqamətində öz tövsiyələrini səsləndirib.
Daha sonra Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək Ə.Sadıqovun çoxşaxəli elmi fəaliyyətinə nəzər salıb, önəmli məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə 16 mindən çox azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil aldığını və savadlı kadr kimi vətənə qayıdaraq uğurla fəaliyyət göstərdiklərini xatırladan alim Ümummilli Liderin təşəbbüsü ilə həyata keçirilən və Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olan bu prosesdə iştirak edən gənclərin sırasında Ə.Sadıqovun da olduğunu diqqətə çatdırıb. Vətəninə daim şərəflə xidmət edən, elmin inkişafında müstəsna töhfələri olan Ə.Sadıqovun kadr hazırlığına xüsusi önəm verdiyini qeyd edən M.Mərdanov onun bu istiqamətdə uzun illər ərzində həyata keçirdiyi elmi və pedaqoji fəaliyyətindən ətraflı şəkildə bəhs edib. Görkəmli alimin elm təşkilatçısı kimi AMEA-nın və ümumilikdə ölkənin elmi inkişafı istiqamətində göstərdiyi xidmətləri yüksək qiymətləndirən M.Mərdanov rəhbərlik etdiyi elmi müəssisənin kollektivi adından Ə.Sadıqovu 60 illik yubleyi münasibətilə səmimi qəlbdən təbrik edib, ona elmi və pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayıb.
Tədbir öz işinə görkəmli alimlər tərəfindən fövqəladə hallarda aktual problemlərə həsr olunan elmi məruzələrin təqdim olunması ilə davam edib.
AMEA-nın müşaviri, akademik Telman Əliyev “Strateji obyektlərin təhlükəsizliyinin təmin olunmasının elmi problemləri” mövzusunda məruzə edib. Akademik dünya təcrübəsində rast gəlinən, insan tələfatına yol açan və ekosistemə ciddi şəkildə zərər verən qəzalardan bəhs edərək qeyd edib ki, fövqəladə hallardan öncə və sonra alınacaq tədbirlərin müəyyənləşdirilməsi və bu istiqamətdə elmi tədqiqatların aparılması hazırda aktuallıq kəsb edən elmi problemlərdəndir. AMEA-da və İdarəetmə Sistemləri İnstitutunda sözügedən sahədə multidissiplinar elmi tədqiqatların uğurla həyata keçirildiyini qeyd edən akademik ölkədə dəniz platformaları, qazma qurğuları və nəqliyyatda baş verən qəzaları xatırladaraq qarşıda duran mühüm elmi tədqiqatlardan söz açıb.
Qəzaların statistik göstəriciləri, baş vermə səbəbləri və həlli yollarından ətraflı şəkildə bəhs edən akademik qeyd edib ki, strateji obyektlərdə qəzalarının gizli dövrünün başlanğıcında yalnız siqnalların küyünün qiymətləri dəyişir, nəzarət və idarə etmə sistemlərinin ölçü cihazlarının informativ əlamətləri və göstəriciləri isə dəyişmir. Bu səbəbdən sistemin reaksiyası bəzi hallarda gecikmiş olur ki, bu hal faciəvi qəzalara gətirib çıxara bilir. T.Əliyev bildirib ki, problemin həlli üçün küyün xarakteristikalarının qiymətindən informativ əlamətlər kimi istifadə etməklə qəzaların başlanğıcı haqqında məlumat almaq və strateji obyektlərin istismarının təhlükəsizliyi əhəmiyyətli dərəcədə yüksətmək mümkündür. Azərbaycanın seysmik zonada yerləşdiyini xatırladan akademik baş verə biləcək mümkün fövqəladə halların qarşısının alınmasının önəminə toxunub və bu istiqamətində müasir nəzarət sistemlərinin tətbiqi nəticəsində müvafiq sahədə problemlərin ciddi səviyyədə azalacağına əminliyini ifadə edib. Çıxışının sonunda fövqəladə hallarda idarəetmə sahəsində müstəsna xidmətləri olan Ə.Sadıqovu səmimi qəlbdən təbrik edən T.Əliyev alimə bu aktual sahədə yeni uğurlar arzu edib.
Sonra Radiasiya Problemləri İnstitutunun baş direktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri AMEA-nın müxbir üzvü İslam Mustafayev “İşğaldan azad olunmuş ərazilərdə radioloji risklərin monitorinqi və idarə olunması” mövzusunda məruzə edib. Ölkə başçısının 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də yer alan elmi istiqamətlərdən, o cümlədən işğaldan azad olunmuş ərazilərə böyük qayıdış stategiyasından bəhs edən alim qeyd edib ki, sözügedən sahədə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan monitorinq qrupuna Radiasiya Problemləri İnstitutu da daxil edilmişdir. Monitorinq qrupu tərəfindən işğaldan azad olunmuş ərazilər üzrə radiasiya fonu ölçmələri icra olunduğunu bildirən İ.Mustafayev tədqiqatlar nəticəsində orta radiasiya fonunun müəyyən edildiyini diqqətə çatdırıb. İnstitut alimlərinin ümumilikdə 10 elmi ekspedisiyada fəal şəkildə iştirak etdiyini bildirən alim fövqəladə halların qarşısının alınması istiqamətində “qaynar nöqtələr”in müşahidə olunduğunu nəzərə çatdırıb. Kəlbəcər, Zəngilan, Ağdam, Tərtər və digər işğaldan azad olunan ərazilərdə aparılan tədqiqatlardan ətraflı şəkildə bəhs edən İ.Mustafayev alınmış nəticələrin hazırda yaradılmaqda olan məlumatlar bazasına daxil edilmək üçün işlənildiyini bildirib.
İ.Mustafayev Ə.Sadıqovun həm Radiasiya Problemləri İnstitutunda, həm də Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi kadrların hazırlanmasında yaxından iştirak etdiyini sessiya iştirakçılarının diqqətinə çatdırdı. O, rəhbərlik etdiyi elmi müəssisənin kollektivi adından Ə.Sadıqovu yubileyi münasibətilə təbrik edərək fövqəladə hallarda idarəetmə sahəsinin önəmini vurğulayıb, dəyərli alimə elmi fəaliyyətində uğurlar arzu edib.
Daha sonra çıxış edən Hərbi Elmi Tədqiqatlar İnstitutunun rektoru, polkovnik Arif Həsənov Milli Müdafiə Universitetinin rektoru, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, professor Heydər Piriyevin görkəmli alim Ə.Sadıqova ünvanladığı təbrik məktubunu səsləndirib. A.Həsənov Ə.Sadıqova elm sahəsində səmərəli fəaliyyətinə, hərbi elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərə görə Milli Müdafiə Universitetinin Fəxri Fərmanını tədqim edib.
“Hərbi xidmətdə informasiya təhlükəsizliyinin aktual məsələləri” mövzusunda məruzə edən polkovnik mətn tipli və səsli məlumatların şifrələnməsi istiqamətində aparılan işlərdən ətraflı şəkildə bəhs edib. Qeyd edib ki, hərbi avadanlıqların hazırlanması və təhlükəsizliyinin təmin edilməsi sahəsində İdarəetmə Sistemləri İnstitutu ilə əməkdaşlıq əlaqələri uzun illərdir uğurla həyata keçirilir, yeni prioritet tədqiqatlar müəyyənləşdirilir. A.Həsənov Milli Müdafiə Universitetinin professoru, elmi və müdafiə şuralarının üvzü Əminağa Sadıqovu rəhbərlik etdiyi müəssisənin kollektivi adında bir daha təbrik edib, ona şərəfli elm yolunda yeni uğurlar arzulayıb.
“Torpaqların aqroekoloji bərpası zamanı təhlükə potensiallı fəaliyyətin idarə olunması problemləri” mövzusunda məruzə edən İSİ-nin laboratoriya müdiri, professor Allahverdi Həsənov işğaldan azad olunmuş torpaqlarda aparılan aqroekoloji bərpa işləri və mövcud problemləri nəzərə çatdırıb. Qeyd edib ki, uzun illər erməni təcavüzkarları tərəfindən Azərbaycanın işğal altında olan qədim yaşayış məkənləri, əkinçilik sistemləri, heyvandarlıq sahələri dağıdılmış, bütövlükdə bölgədə bitki və heyvanat aləmi məhv olmaq təhlükəsilə üz-üzə qalmış və ekoloji tarazlıq pozulmuşdur. Alim bildirib ki, işğaldan azad edilmiş ərazilərin ekoloji bərpası, aqro müxtəlifliyinin qiymətləndirilməsi və torpaqlardan səmərəli istifadə müxtəlif elmlərin kontekstində aparılan aktual tədqiqatlarda öz həllini tapa bilər. Bu məsələlərin həlli mükəmməl yanaşmalar tələb etdiyindən dayanıqlı inkişafın həlli uzunmüddətli proqnozların işlənilməsi məqsədilə yeni modellər tətbiq olunmalıdır. Minalı ərazilərin təmizlənməsi və səmərəli istifadəsində mövcud duran problemlərdən danışan A.Həsənov minaların müasir üsullarla toplanılması və texnogen hadisələrin yaratdığı problemlədən çıxış yolu üçün idarəetmənin mükəmməl modellərinin yaradılmasının zəruri olduğunu vurğulayıb. Azad edilmiş ərazilərdə kənd təsərrüfatının innovativ əsaslarla yenidən qurulduğunu bildirən alim ekoloji problemlərin həllinə elmi-sistemli yanaşmanın ölkənin hərtərəfli inkişafı baxımından zəruri olduğunu bildirib. A.Həsənov çıxışının sonunda uzun illərdir aktual elmi problemlərin həlli istiqamətində birgə çalışdığı dəyərli alim Ə.Sadıqovu təbrik edərək ona uzun ömür, cansağlığı arzu edib.
Sonra İSİ-nin laboratoriya müdiri, dosent Gülçin Abdullayeva “Fövqəladə hallarda toksiki zəhərlənmələr zamanı təcili yardımın təşkili üçün intellektual informasiya sisteminin işlənilməsi” mövzusunda ətraflı şəkildə məruzə edib. 2010-2021-ci illərdə Bakı şəhəri üzrə dəm qazından zəhərlənmə halları haqqında statistik göstəriciləri diqqətə çatdıran alim bu sahədə dünya təcrübəsində qeydə alınan önəmli məlumatlardan bəhs edib. Tibbin müxtəlif istiqamətləri üzrə irəliyə doğru inkişafın məhz kompüter tədqiqat sistemlərinin yeni imkanları ilə bağlı olduğunu bildirən alim dəm qazı ilə zəhərlənmənin zamandan asılılığı, dəm qazının təsiri zamanı insan orqanizmində baş verən dəyişikliklər və toksiki maddələrlə zəhərlənmələrin komatoz vəziyyətində diferensial diaqnostikası cədvəlinin hazırlanması və 14 parametr əsasında yoxlanılması istiqamətində aparılan tədqiqatlardan ətraflı şəkildə bəhs edib. O, həmçinin dəm qazının neyron şəbəkədə təsviri, kəskin zəhərlənmənin spesifik terapiyası, proqram paketinin işlənilməsi və tədqiqatın nəticələri haqda cari məlumatları nəzərə çatdırıb. G.Abdullayeva çıxışının sonunda AMEA-nın müxbir üzvü Əminağa Sadıqovu 60 illik yubileyi münasibətilə təbrik edib.
Daha sonra Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşı Günay Əbdiyeva-Əliyeva “Kiberfəzada fövqəladə hal riskləri”ndən danışıb. Kibertəhlükəsizliyin sosial xarakterli fövqəladə hal kimi səciyyələndirildiyini bildirən G.Əbdiyeva-Əliyeva informasiyanın tamlığı, konfidensiallığı və əlçatanlığı barədə məlumat verib. O, informasiya təhlükəsizliyinə yönəlmiş təhdidlər və bu sahədə dünya təcrübəsindən ətraflı şəkildə bəhs edərək şəbəkəyə yönəlmiş hücumların qarşısının alınması istiqamətində lazımi tədbirləri diqqətə çatdırıb. Kiber təhlükəsizliyində insan faktorundan danışan G.Əbdiyeva-Əliyeva burada ən zəif həlqənın məhz insan faktoru olduğunu qeyd edib. Fövqəladə hallarda aparılan tədqiqatların önəminə toxunan G.Əbdiyeva-Əliyeva bu sahədə uzun illər uğurla fəaliyyət göstərən, dünya elminə mühüm töhfələr bəxş edən Ə.Sadıqovu səmimi qəlbdən təbrik edib, alimə yeni müvəffəqiyyətlər arzu edib.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin zabiti, baş leytenant Mirramin Yunusov mərkəzin rəisi, general-mayor Adil Abdullayevin Ə.Sadıqova 60 illik yubileyi münasibətilə ünvanladığı məktubu səsləndirərək dəyərli alimi təbrik edib. O, həmçinin İSİ-nin doktoranturasında təhsil aldığını və Ə.Sadıqovun rəhbərliyi ilə elmi tədqiqat apardığını bildirib.
Akademik Əli Abbasov Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevin təbrik məktubunu səsləndirilib, həm xarici ölkələrdən, həm də ölkəmizin müxtəlif elm və ali təhsil müəssisələrindən Ə.Sadıqovun ünvanına təbrik məktublarının daxil olduğunu qeyd edib.
Sonra SİNAM MMC-nin prezidenti professor Elçin Əliyev rəhbərlik etdiyi şirkətin kollektivi adından dəyərli alimi təbrik edərək elm və texnologiyanın inkişafına görkəmli töhfələrinə görə Ə.Sadıqova SİNAM MMC-nin medalını tədqim edib.
Daha sonra AMEA-nın müxbir üzvü Ağası Məlikov, professor Knyaz Məmmədov, texnika elmləri doktoru Qəmbər Quliyev və başqaları çıxış edərək Ə.Sadıqovun elmi fəaliyyətini, elmi kadrların yetişdirilməsindəki rolunu, gənclərə xüsusi diqqətini və insani keyfiyyətlərini yüksək qiymətləndiriblər.
Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov fövqəladə hallarda çıxış edərək bildirib ki, fövqəladə hallara operativ reaksiya idarəetmə qərarlarının effektivliyini şərtləndirən əsas amildir. Son illər baş verən təbiət və texnogen fəlakətlər təhlükəsizliklə bağlı baxışlar sisteminin yenidən qiymətləndirilməsini diqtə edir. Təbii və texnogen fövqəladə hallar, bir qayda olaraq, sürətli xarakter daşıyır və idarəetmənin effektivliyi, əsasən, fövqəladə vəziyyət zamanı adekvat həll yollarının nə qədər tez formalaşması ilə müəyyən edilir. Təhlükəsizlik nəzəriyyəsinin inkişafı fövqəladə halların qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsini tələb edir. O, son illər ərzində dünyada və ölkəmizdə baş verən fövqəladə halların statistik göstəricilərini qeyd edərək, müasir dövrdə insan həyatının, ekologiya və təbii sərvətlərin mühafizəsinin dünyanın qabaqcıl dövlətləri tərəfindən prioritet elmi istiqamətlər kimi dəyərləndirildiyini bildirib. Azərbaycanda bu sahədə həyata keçirilən dövlət proqramlarından bəhs edən alim ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqətdən danışan alim, Fövqəladə Hallar Nazirliyinin bütün qurumlarının, o cümlədən FHN-nin Akademiyasının yüksək maddi-texniki bazaya malik olduğunu xüsusi vurğulayıb. O, fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellərin, metodların və informasiya texnologiyalarının işlənilməsi sahəsində İSİ ilə ölkəmizin müvafiq təşkilatları ilə sıx əməkdaşlığın mövcud olduğunu nəzərə çatdırıb.
Tədbirin sonunda elmi sessiyanın keçirilməsi barədə qərar qəbul etmiş AMEA-nın Rəyasət Heyətinə, sessiyanın yüksək səviyyədə təşkil olunmasına görə İSİ-nin rəhbərliyinə, məruzəçilərə, qonaqlara və sessiyada iştirak edən bütün həmkarlarına minnətdarlığını bildirən Ə.Sadıqov Vətən müharibəsində qələbəmizin hamımız üçün ən böyük mükafat olduğunu bildirib.