8-13 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, e-Commers işçi qrupunun rəhbəri, Rəqəmsal, Sənaye və Kosmos istiqamətində Horizon Europe millli təmsilçisi, t.ü.f.d. Tofiq Babayev Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezam olunub.
"Unikal" xəbər verir ki, ezamiyyətin əsas məqsədi Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının elan etdiyi birgə müsabiqəyə təklif olunan “Development of technological foundations and road maps for digitalization of logistics sectors in Azerbaijan and Uzbekistan with the objective to create digital transport corridors enabling the effectiveness of cargo flows from East Asia to Europe” (“Şərqi Asiyadan Avropaya yük axınlarının səmərəliliyini təmin edən rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılması məqsədi ilə Azərbaycan və Özbəkistanda logistika sektorlarının rəqəmsallaşdırılması üçün texnoloji əsasların və yol xəritələrinin hazırlanması”) adlı layihənin müzakirəsi və 2023-cü ilin aprel ayında Daşkənd Dövlət Nəqliyyat Universitetində və may ayında Azərbaycanda keçiriləcək beynəlxalq konfransda 2 müəssisənin nümayəndələrinin iştirakı olub.
9 dekabr tarixində T.Babayev Daşkənd Dövlət Nəqliyyat Universitetinin rektor əvəzedicisi, professor Əbdüləziz Gülamov və elmi işlər və innovasiya üzrə prorektoru professor Səid Şaumuradovla görüşüb, hər biri ilə birgə layihənin və beynəlxalq konfranslarda iştirak məsələlərini müzakirə edib.
Rektor əvəzedicisi ilə görüşdə T.Babayev Azərbaycanda keçiriləcək “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” (International Conference on Problems of Logistics, Management and Operation in the East-West transport Corridor (PLMO-2) 2-ci Beynəlxalq Konfrans barədə ətraflı məlumat vermiş və Daşkənd Dövlət Nəqliyyat Universitetinin İdarəetmə Sistemləri İnstitutu ilə birlikdə konfransın təşkilatçıları olmasına görə onlara minnətdarlığını bildiriblər.
Rektor əvəzedicisi Ə.Gulamov Daşkənd Dövlət Nəqliyyat Universitetinin nümayəndələrinin PLMO 2-ci Beynəlxalq Konfransda aktiv iştirak edəcəkləri barədə məlumat vermiş, növbəti ildə keçiriləcək konfranslarda əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin yerinə yetirilməsi istiqamətində yeni imkanlar yaradılacağına əminliyini ifadə edib.
Ezamiyyətin əsas nəticəsi olaraq, Daşkənd Dövlət Nəqliyyat Universiteti tərəfindən layihə rəhbəri professor Rüstəm Rəhimov və layihə iştirakçıları ilə görüşlər, layihənin son variantının hazırlanması və hər 2 iştirakçı tərəfindən layihələrin müsabiqə komissiyalarına təqdim edilməsi olmuşdur.