"Hazırda dövlət siyasətini həyata keçirən rəsmi dövlət qurumunun – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərini yeni vəzifələrə və tələbələrə uyğunlaşdırmaq, bu sahədə dönüş yaratmaq üçün Ailə Məsələləri Nazirliyinin yaradılması vacibdir”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Zahid Oruc deyib.
Deputat bildirib ki, müasir cəmiyyətdə “gənclik kultu”, başqa sözlə, üzərinə məsuliyyət götürməmək cəhdi, eqoistlik, özü üçün yaşamaq, ümumiyyətlə ailə qurmamaq, evlilikdən daha çox əyləncələrə üstünlük vermək təşkil edir:
"Dövlətin ailə siyasətinə yeni baxışı gərəkdir. "Dövlət ailə strategiyası 2025-50 ci illər”in hazırlanması gündəmdə duran ilk vəzifələrdəndir. Oğlan uşaqlarının sayının çoxalması, demorqafik natarazlığın qarşısının alınması üçün doğulan qızlara görə sosial müvainətin verilməsi gərəkdir. Ölkədə “Ailə psixoloqu” mütəxəssislərinin hazırlanması vacib məsələdir. Baş verən intihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stressin idarə olunması, zorakılığın azaldılması ilə məşğul olan sosial işçilər, psixoloqlar korpusunun formalaşdırılması ilk addımlar sırasında olmalıdır. Həmçinin, ailə həyatının əsas tendensiyalarını təfərrüatlı əks etdirən mötəbər məlumat bazasının, statistik göstəricilər sisteminin təkmilləşdirilməsi gərəkdir. Dünyanın bir çox ölkələrinin özünün milli “Ailə Günü” var. Azərbaycanda yalnız “Beynəlxalq Ailə Günü” qeyd edilir. Bu, məqbul hal deyil. “Azərbaycan Ailəsi Günü”nün təsis edilməsi gündəliyə daxil edilməlidir".
Anar Kəlbiyev