Payızlıq əkinlərin bəyanı prosesi davam edir. Taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər.
"Unikal" xəbər verir ki, əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq. Taxıl əkinlərinin başa çatdırmış fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını dekabrın 30-dək sistemə daxil etməlidir. Dekabrın 30-dan sonra sistemə məlumatların daxil edilməsi mümkün olmayacaq və ilin sonuna kimi payızlıq əkinlərini bəyan etməyən fermerlər subsidiya almaq hüququnu itirəcəklər.
Artıq respublika üzrə payızlıq əkin aparmış fermerlərin böyük əsəriyyəti öz əkinlərini EKTİS-də bəyan ediblər. Əkinlərini hansısa səbəbdən bəyan etməmiş fermerlərin EKTİS-də qeydiyyatdan keçmiş mobil nömrələrinə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən SMS-bildirişlər göndərilib. Bildirişlər həm ötən il payızlıq əkini olan, lakin cari payızlıq əkin dövründə əkinlərini bəyan etməyən fermerlərə, həm də payızlıq əkin bəyanı olan, lakin subsidiya almaq üçün müraciət etməmiş fermerlərə ünvanlanıb.
Fermerlərin məlumatlandırılması məqsədilə Dövlət Aqrar İnkişaf Mərkəzlərində mütəmadi görüşlər keçirilir. Görüşlərdə Aqrar Subsidiya Şurasının 2023-cü il üçün açıqladığı subsidiya əmsalları, subsidiyaların verilməsi proseduru, məlumatların sistemə daxil edilmə ardıcıllığı, torpaq sahələrindən nümunələrin aqrokimya laboratoriyalarına təqdim olunması proseduru, 10 hektardan artıq torpaq sahəsi olan mülkiyyətçilərin öz sahələrini sığorta etdirmə zəruriliyi barədə məlumatlar verilir, fermerlərin sualları cavablandırılır.
Qeyd edək ki, fermerlər EKTİS-dən istifadə qaydaları və payızlıq əkinlərin bəyanı ilə bağlı texniki dəstək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə və “Asan xidmət” mərkəzlərinə müraciət edə bilərlər.