Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 61 təhsil müəssisəsində qida ilə bağlı nöqsanlar aşkarlayıb.
Bu barədə "Unikal"a AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, bu ilin noyabr ayının 14-dən başlayan yoxlamalar çərçivəsində ali təhsil və ümumtəhsil müəssisələrində qidalanmanın qanunvericilikdə nəzərdə tutulan normalara uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, onların saxlanması, daşınması, realizə olunması, markalanma və qablaşdırılmasına dair tələblərə əməl edilməsi yoxlanılır.
Bununla yanaşı, mütəxəssislər tərəfindən təhsil müəssisələrində yeyinti məhsullarının hazırlandığı və saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.
Qeyd edək ki, yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması ilə bağlı 23 ali təhsil müəssisəsi və 38 ümumtəhsil müəssisəsinin qida bloklarında nöqsanlar aşkar edilib.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb, həyata keçirilən yoxlamaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.