Ölkə ərazisində həssas ekosistemlərin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün əsas fəaliyyətlərdən hesab olunan reintroduksiya layihələri çərçivəsində işlər davam etdirilir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev "Unikal"a bildirib ki, həyata keçirilən yeni reintroduksiya layihəsinin tərkib hissəsi olan nəcib marallar və zubr fərdlərinin tarixi areallarına qaytarılması ilə bağlı layihəyə uyğun olaraq bu ilin noyabr ayında ölkəyə gətirilən 10 zubr Şahdağ Milli Parkının ərazisində xüsusi ayrılmış sahədə, volyer şəraitində adaptasiya dövrünü keçir.
"Aparılan müşahidələr və təhlillər əsasında deyə bilərik ki, heyvan fərdlərinin ümumi vəziyyətinin dinamikası qənaətbəxşdir və uyğunlaşma prosesi tələblərə adekvat hesab oluna bilər. Fərdlər müəyyən müddətdən sonra vəhşi təbiətə, Milli Parkın ərazisinə buraxılacaq."
Xidmət rəsmisinin sözlərinə görə, bu ilin noyabrından icrasına başlanılan nəcib maralların tarixi məskunlaşma yerlərinə qaytarılması ilə bağlı yeni layihəyə uyğun olaraq ilk marallar noyabrın 11-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinə gətirilib.
“Qeyd edim ki, İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən reintroduksiya layihələri Azərbaycanda biomüxtəliflik komponentlərinin bərpasına, mövcud ekosistemlərin qorunmasına xidmət edir. Reintroduksiya layihələri çərçivəsındə artıq zubrların Azərbaycan arealında dayanıqlılığının təmin edildiyini demək mümkündür. 2019-2021-ci illər ərzində ölkəmizə 26 baş zubr reintroduksiya olunub, təbii artımla zubrların ümumi sayı 31 başa çatdırılıb. 2022-ci ilin noyabr ayında daha 10 zubrun Azərbaycana gətirilməsi ilə isə zubrların ümumi sayı hazırda 41-ə çatıb."
R.Allahverdiyev qeyd edib ki, nəsli kəsilməkdə olan fauna növlərinin populyasiyasının tarixi areallarında təbii bərpasının təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə də reintroduksiya layihələri həyata keçirilir.